Newscenter.az.8.05.2019. Kənd Təsərrüfatı Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Newscenter.az-a nazirlikdən bildirilib ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, nazirliyin tabeli qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri İnam Kərimov ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətində fəaliyyətindən bəhs edib. Ulu Öndərin müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətlərinin olduğunu deyən İnam Kərimov bildirib ki, hər il mayın 10-u Azərbaycan xalqı tərəfindən əhəmiyyətli, mötəbər gün kimi qeyd olunur: “Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan siyasi və iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilib. Heydər Əliyev siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının qəbul etdiyi qərarlar, imzaladığı Fərman və Sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır”.
Tədbirdə çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüblər. Çıxış edənlər vurğulayıb ki, xalqımızı tarixin ağır və sərt sınaqlarından çıxaran ümummilli lider Heydər Əliyev bütövlükdə müasir Azərbaycanın dinamik və davamlı inkişafının bünövrəsini yaradıb. Natiqlər bildiriblər ki, ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi dövr Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması ilə müasir tariximizə əbədi həkk olunub.
Tədbirdə hakim Yeni Azərbaycan Partiyası sıralarına yeni daxil olan 51 nəfərə partiyanın üzvlük vəsiqəsi təqdim olunub. Üzvlük vəsiqələrini kənd təsərrüfatı naziri İnam Kərimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, YAP-ın Yasamal rayon təşkilatının sədrinin birinci müavini Qərib Məmmədov, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev təqdim ediblər.
Orxan