Newscenter.az.10.05.2019. Mayın 9-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı və gömrük xidmətinin yaradılmasının 27-ci ildönümünə həsr olunmuş futzal idman növü üzrə gömrük orqanları arasında ənənəvi çempionatın final mərhələsi keçirilib. Çempionatın bağlanış mərasimində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinəri və aidiyyəti qurumların rəhbərləri də iştirak edib.
Newscenter.az xəbər verir ki, yarışda ümumilikdə iki qrupda 12 komanda mübarizə aparıb. Çempionatın birinci mərhələsi dairəvi, ikinci (dörddə bir) və üçüncü (yarımfinal) mərhələsi isə olimpiya sistemi əsasında keçirilib.
Final mərhələsində üçüncü yer uğrunda Bakı Baş Gömrük İdarəsinin və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin komandaları qarşılaşıblar. 4:3 hesabı ilə qalib gələn Bakı Baş Gömrük İdarəsinin komandası bürünc medal qazanıb.
Həlledici qarşılaşmada Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandaları üz-üzə gəliblər. Görüşdə Naxçıvan təmsilçiləri 6:1 hesablı qələbə qazanaraq çempionatın qalibi olublar.
Çempionatın bağlanış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov çıxış edərək ulu öndər Heydər Əliyevin gənc nəslin sağlamlığının təmin edilməsi, idmana olan marağın artırılması və bu sahənin inkişaf etdirilməsinə xüsusi önəm verdiyini, bu siyasətin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini diqqətə çatdırıb. O da vurğulanıb ki, idmançılarımızın müxtəlif beynəlxalq tədbirlərdə yüksək nəticələr əldə etməsi ölkəmizdə idmana göstərilən qayğının bariz nümunəsidir.
Daha sonra Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov çıxış edərək ümummilli lider Heydər Əliyevin ölkə idmanının inkişafındakı xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahəyə göstərilən dövlət qayğısından danışıblar.
O da qeyd olunub ki, bu çempionat gömrükçülərin həm xidməti, həm də idman həyatında əlamətdar hadisədir.
Sonra DGK rəhbərliyi tərəfindən turnirin qaliblərinə və mükafatçılarına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin kubok, diplom və medalları, eləcə də hədiyyələr təqdim olunub.