Newscenter.az.28.06.2019. Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Baş direktoru cənab Mixael Şpindeleggerlə görüşüb.
Newscenter.az Miqrasiya Xidmətinə istinadən xəbər verir ki, Xidmət rəisi Azərbaycan Respublikası ilə MSİBM arasında mövcud əməkdaşlığın daha da gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində atılmış addımların önəmini diqqətə çatdırıb. Bildirib ki, MSİBM ilə bir sıra önəmli layihələrin həyata keçirilməsi, birgə tədbirlərin reallaşdırılması əlaqələrin yüksək səviyyədə inkişaf etməsinə öz töhfəsini verir. Vüsal Hüseynov söyləyib ki, MSİBM ilə qurulmuş əməkdaşlıq “Azərbaycan Respublikası, Avropa İttifaqı və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə” çərçivəsində xüsusilə inkişaf etdirilir. Qeyd edib ki, MOBİLAZE layihəsi çərçivəsində baş tutan təcrübə səfərləri, eləcə də aparılmış tədqiqatlar və hazırlanmış hesabatlar əməkdaşlıq üçün yeni prioritet sahələrin müəyyənləşdirilməsini təmin edir.
Xidmət rəisi bildirib ki, MSİBM ilə səmərəli əməkdaşlığımızın yalnız qeyd olunan layihələr çərçivəsində deyil, miqrasiyanın effektiv idarə olunması, emiqrasiya proseslərinin tənzimlənməsi, sənədlərin təhlükəsizliyi, miqrasiyanın inkişafa təsiri, kadr potensialının artırılması və digər qarşılıqlı maraq kəsb edən istiqamətlərdə də yüksələn xətlə davam etdirilməsində maraqlıyıq.
Görüşdə təşkilatla ikitərəfli və çoxtərəfli müstəvidə əməkdaşlıq əlaqələri sahəsində müzakirələr aparılıb.
Daha sonra qonaq Xidmətin Heydər Əliyev muzeyində olub, xatirə kitabına ürək sözlərini yazıb. Həmçinin Mixael Şpindelegger Xidmətin dil laboratoriyası və Çağrı mərkəzi ilə də tanış edilib.