Newscenter.az.20.09.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 21 sentyabr-Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbirlər keçirilib.
Newscenter.az xəbər verir ki, təhsil müəssisələrində Beynəlxalq Sülh Gününə həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, inşa müsabiqəsi, bədii qiraət gecələri təşkil edilib.
Şagirdlərə sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, onların bədii-estetik səviyyələrini yüksəltmək məqsədilə keçirilən Beynəlxalq Sülh Günündə məktəblilərin əl işlərindən ibarət sərgilər nümayiş olunub, divar qəzetləri, bülletenlər, stendlər və guşələr hazırlanıb.
Tədbirlərdə ölkəmizdə ənənəvi olaraq 21 avqust–21 sentyabr tarixlərində keçirilən “Sülh aylığı” çərçivəsində görülən işlərdən danışılıb, Beynəlxalq Sülh Gününün yaranma tarixi barədə şagirdlərə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu əlamətdar gün BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə təsis edilib.
"Biz sülhə səs veririk", “Sülh insan həyatının təminatıdır”, “Azərbaycan sülh tərəfdarıdır”, “Bəşəriyyətə sülh gərək”, “Göyərçinim-sülh quşum”, “Sülhə gəlin, ey insanlar!” kimi mövzularda keçirilən tədbirlərdə çıxış edənlər sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun tarix boyu bəşəriyyəti düşündürdüyünü və sülhsevərliyi ilə fərqlənən Azərbaycan xalqının da sülh şəraitində yaşamaq arzusunda olduğunu qeyd ediblər.
R.Mehdiyeva