Newscenter.az.8.10.2019. "Özünü müxalifət adlandıran radikal qüvvələrin oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirdiyi piket onların növbəti dəfə biabırçı görkəmini cəmiyyətə nümayiş etdirdi".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Vaqif Abdullayevin sözlərinə görə, günlərdir hökuməti mitinq keçirmək üçün yer ayırmamaqda ittiham edən Əli Kərimli şəhərin mərkəzində verilən icazəli piketə bir qrup qatı müxalifətçini toplamaqla Azərbaycan cəmiyyəti tərəfindən süpürülüb atıldıqlarını təsdiqlədi:
"Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən əraziyə radikal dəstədən başqa heç kimin qatəlmaması onların rüsvayçı durumunu bir daha göstərmiş oldu. Məsələ ondadır ki, Milli Şura adlanan bu dağıdıcı qüvvələrin piketinə heç Əli Kərimli və Cəmil Həsənli də gəlməyə cürət etmədi. Onlar rüsvay olacaqlarını bildiklərindən yenə də adətləri üzrə gizlənməyə məcbur oldular. Dövlət bu qüvvələrə normal qaydada şərait yaratsa da, onlar yenə də dağıdıcı əməllərindən, qara niyyətlərindən qalmayaraq şəhərdə qarşıdurma yaratmağa çalışdı. Onlar piket üçün təyin olunmuş yerdə deyil, insanların intensiv hərəkət etdiyi, yaşayış olduğu dar səkidə müxtəlif şüarların səsləndirilməklə, ajiotaj yaratmaq cəhdləri ilə yenə də təxribatçı xislətlərini biruzə verdilər. Onlar bu hərəkətləri ilə açıq-aşkar piket deyil, təxribat və qarşıdurma yaratmaq istəklərini nümayiş etdirdilər".
Vaqif Abdullayev deyib ki, ancaq bütün bunlara baxmayaraq, Azərbaycanın hüquq-mühafizə orqanları aksiya üçün nəzərdə tutulmayan ərazidə siyasi şüarlar səsləndirən, ictimai asayişi pozmağa və təxribat yaratmağa cəhd edən bu radikallara qarşı kifayət qədər dözümlülük nümayiş etdirərək aksiyanın dinc başa çatmasınə təmin etdilər:
"Radikal müxalifət beləliklə, növbəti dəfə özünü ifşa etdi".
Xosrov