Newscenter.az.16.10.2019. Oktyabrın 16-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Müriel Peneveyre ilə görüşüb.
Newscenter.az-a DGK-dan bildirilib ki, qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanla İsveçrə arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib, əlaqələrin gələcəkdə daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirib.
DGK sədri ikitərəfli münasibətlərin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib, hər iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.
DGK sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində gömrük orqanlarında daha çevik və modern idarəçilik metodlarının tətbiq edildiyini, beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılması, vətəndaşların maksimum dərəcədə məmnuniyyətinin təmin olunması üçün yeni layihələrin icra olunduğunu bildirib.
Komitə sədri, həmçinin elektron xidmətlərin səviyyəsinin yüksəldilməsi, ticarətin daha da asanlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib, qanunvericiliyə riayət edən xarici ticarət iştirakçılarına daha əlverişli şərait yaratmaq üçün cari ilin fevral ayından tətbiqinə başlanılan "Yaşıl dəhliz" buraxılış sisteminin əhəmiyyətindən danışıb və vurğulayıb ki, bu gün gömrük sistemində maksimum şəffaflıq təmin edilir, korrupsiya hallarına qarşı ciddi mübarizə aparılır.
İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Müriel Peneveyre Azərbaycanda fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edərək iki ölkə arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirib, İsveçrənin bütün sahələrdə, o cümlədən gömrük işində Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
Səfir son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gömrüyündə həyata keçirilən islahatların, əldə edilən nailiyyətlərin onda böyük təəssürat yaratdığını bildirib, eləcə də iki ölkənin gömrük orqanları arasında əlaqələrin gələcək perspektivlərindən bəhs edib.
Sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Zaur