Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıt Dövlət Universitetində BDU-nun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib



Newscenter.az.19.10.2019. Sumqayıt Dövlət Universitetində (SDU) Bakı Dövlət Universitetinin (BDU)100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda elmin və təhsilin inkişafında Bakı Dövlət Universtietinin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

Newscenter.az xəbər verir ki, əvvəlcə qonaqlar universitetdə SDU-nun Heydər Əliyev Mərkəzində fotoşəkillərə və kitab sərgisinə baxış keçirib, BDU-nun rektoru Elçin Babayev xatirə kitabına ürək sözlərini qeyd edib.

SDU-nun rektoru, professor Elxan Hüseynov qonaqları salamlayaraq, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti kimi dəyərləndirdiyi BDU-nun 100 illik yubileyi münasibətilə iştirakçıları təbrik edib, universitetin tarixi, inkişafı və yubiley tədbirlərinin beynəlxalq səviyyədə qeyd edilməsinə diqqət çəkib. Məzunu olduğu Bakı Dövlət Universitetində müxtəlif vəzifələrdə işlədiyini vurğulayan rektor Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və inkişafında, ölkədə maarifçiliyin, elmin tərəqqisində, milli ideologiyanın formalaşmasında Bakı Dövlət Universitetinin misilsiz xidmətləri olduğunu qeyd edib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev SDU-nun professor-müəllim və tələbə heyətini salamlayıb və konfransın təşkilinə görə universitet rəhbərliyinə təşəkkür edib. BDU-nun müsəlman Şərqində yeni tipli ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçdiyini diqqətə çatdıran rektor Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından bəhs edərək, ali təhsil ocağının yubiley tədbirlərinin həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş qeyd edildiyini bildirib. Rektor Elçin Babayev Azərbaycanda milli təhsilin əsaslarının yaranmasında, elm və təhsilin inkişafında xidməti olan Sumqayıt Dövlət Universitetinin və yetişdirdiyi kadrların xüsusi rolu olduğunu söyləyərək, onun Azərbaycan təhsilinə verdiyi töhfələrdən danışıb.

SDU-nun Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, Əməkdar jurnalist Avtandil Məmmədov “Azərbaycanda elmin və təhsilin inkişafında Bakı Dövlət Universitetinin rolu”, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev “Azərbaycanın ictimai-siyasi və mədəni həyatında Bakı Dövlət Universitetinin rolu” mövzularında məruzə ilə çıxış ediblər.

Sonra SDU-nun Riyaziyyat fakültəsinin dekanı, Əməkdar müəllim Zəfər Hüseynov, Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının professoru Məhəmmədəli Zərbəliyev, Diferensial tənlikər və optimallaşdırma kafedrasının dosenti, Əməkdar müəllim Əkbər Məmmədov, Neft kimyası və kimya mühəndisliyi kafedrasının professoru, Əməkdar müəllim Qafar Ramazanov və digər natiqlərin çıxışları dinlənilib. Qeyd olunub ki, Bakı Dövlət Universitetinin məzunlarının qazandığı nailiyyətlər Respublikamızın elmi həyatının ayrılmaz tərkib hissəsi olmaqla xalqımızın qədim tarixinin, mədəniyyətinin araşdırılmasında, milli mədəniyyətimizin, ana dilimizin qorunub-saxlanılmasında, vətənpərvərlik, azərbaycançılıq ideologiyasının təbliğində böyük rol oynayırlar.

BDU-nun rektoru Elçin Babayev və nümayəndə heyəti universitetin II tədris binası və açıq səmada elektroenergetika üzrə Tədris muzeyi və yüksək gərginlik yarımstansiya Tədris poliqonu ilə də tanış olublar.
Xəbəri paylaş