Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gömrük Komitəsi keçmiş deputatın iddialarını yalanladı



Newscenter.az.21.11.2019. Ötən günlərdə özünü “Bonab steel company” MMC-nin baş direktoru kimi təqdim edən Nazim Bəydəmirli adlı şəxs sosial şəbəkədəki şəxsi hesabı üzərindən rəhbərlik etdiyi şirkət tərəfindən ölkəyə idxal etdiyi malların gömrük dəyərinin süni sürətdə artırıldığına dair həqiqətə uyğun olmayan məlumatlar yayımlayıb və hətta daha irəliyə gedərək dövlət qurumunu öz tərbiyə standartları çərçivəsindəki ifadələrlə ittiham edib.

Newscenter.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov məsələ ilə bağlı bildirib ki, adıçəkilən şirkət tərəfindən ölkəyə idxal edilən dəmir şvellerlər gömrük orqanına 1 ton üçün 300 ABŞ dolları dəyərində bəyan olunub. Lakin gömrük orqanlarının apardığı araşdırma nəticəsində malların dəyərinin aşağı göstərildiyi müəyyən edilib və bu barədə “Bonab steel company” MMC-yə məlumat verilib:

"Şirkətin baş direktorunun gömrük orqanlarını qanunvericiliyin tələblərini pozmaqda ittiham etməsinə gəlincə isə Azərbaycan Respublikasının Gömrük tarifi haqqında qanununun 11.1 maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ var. Qanunvericiliyə uyğun olaraq aparılan araşdırma zamanı isə “Bonab steel company” MMC tərəfindən təqdim olunan bəyannamədəki məlumatların dəqiqiliyinə şübhə yarandığından Gömrük tarifi haqqında qanunun 12.1 və 12.2 maddələrinə istinadən real gömrük dəyəri müəyyən edilib. Gömrük orqanının qərarı ilə razılaşmayan şirkətin səlahiyyətli nümayəndəsi Komitənin aidiyyəti qurumlarının mütəxəssisləri tərəfindən qəbul edilərək şikayəti dinlənilib, ona qanunvericiliyin tələbləri izah olunub və səlahiyyətli nümayəndə verilən açıqlama ilə razılaşaraq hər hansı etiraz bildirməyib. Daha sonra şirkət nümayəndələri rəsmiləşdirmə prosesini başa çatdıraraq mallarını təhvil alıblar".

DGK rəsmisi qeyd edib ki, gömrük orqanının qəbul etdiyi qərar şəxsləri, o cümlədən “Bonab steel company” MMC-nin baş direktoru Nazim Bəydəmirli adlı şəxsi qane etməyə bilər. İnformasiya texnologiyalarının geniş yayıldığı, söz, fikir azadlığının cəmiyyətin ən vacib dəyərlərindən birinə çevrildiyi dövrdə dövlət qurumları, eyni zamanda gömrük orqanı tərəfindən qəbul edilən qərarların düzgünlüyünün istənilən platformada müzakirəsi də başa düşüləndir:.

"Lakin hər hansı məhkəmə qərarı olmadan qanunvericilik qarşısında məsuliyyət yaradacaq bəyanatlar və ya açıqlamalarla çıxış etmək, konkret olaraq gömrük orqanlarını inhisarçılığı dəstəkləmək və ona şərait yaratmaqda ittiham etmək özü qanun qarşısında məsuliyyət yaradır. Vacib məqamlardan birini də Nazim Bəydəmirli adlı şəxsin diqqətinə çatdırım ki, yerli istehsalı qorumaq və inkişaf etdirmək digər iqtisadi qurumlar kimi Dövlət Gömrük Komitəsinin də prioritet vəzifələrindən biridir. Sadəcə statistik rəqəmlərə diqqət yetirək. Cari ilin 10 ayı ərzində ölkəyə dəmir şveller idxal edən 70 şirkət tərəfindən 270-ə qədər idxal əməliyyatı aparılıb və ümumilikdə 6 min tona qədər mal gətirilib. Bütün əməliyyatlar üzrə dəmir şvellerlərin gömrük orqanına bəyan edildiyi minimal statistik göstərici hər tona görə 500 ABŞ dollarıdır. “Bonab steel company” MMC-nin isə idxal etdiyi eyni mal mövqeyinə aid məhsulları 300 ABŞ dolları dəyərində bəyan etməsi isə gömrük orqanlarının deyil, əksinə həmin şirkətin və ya onun rəhbəri Nazim Bəydəmirli adlı şəxsin bazarda haqsız rəqabət yaratmaq meyillərindən xəbər verir".

Zaur
Xəbəri paylaş