Newscenter.az.21.11.2019. Paytaxt məktəbliləri üçün payız tətili müddətində çoxsaylı maarifləndirici tədbir və ekskursiyalar təşkil olunub.
Newscenter.az xəbər verir ki, tətil günlərində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ), məktəblərin və valideynlərin təşəbbüsü ilə muzeylərə, tarixi məkanlara və mədəniyyət mərkəzlərinə ekskursiyalar təşkil edilib. Belə ki, Bakı Kitab Mərkəzi, Miniatür Kitab Muzeyi, Şirvanşahlar sarayı, Heydər Əliyev Mərkəzi, “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Azərbaycan Milli İncəsənət Muzeyi, İstiqlal Muzeyi, Xalq Təhsili Muzeyi, Milli Aviasiya Akademiyası və digər yerlərə də məktəblilərin səfərləri həyata keçirilib.
Ekskursiya zamanı məktəblilər eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qaval daşı, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları, xalçaçılıq, qədim zamanlarda yaşamış insanların həyat tərzi, onların gündəlik və döyüş geyimləri ilə yaxından tanış olublar.
Bundan əlavə, məktəblilər ekskursiyalar çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edib, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlar verilib.
Şagirdlər muzeylərdə tarixi şəxsiyyətlər və hadisələr haqqında məlumatlandırılıb, müxtəlif dövrlərə aid eksponatlarla tanış olublar. Fərqli yaş qruplarına uyğun təşkil olunan ekskursiyalar zamanı qısa mühazirələr oxunub, yaradıcı oyunlar keçirilib.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf mərkəzləri də tətil günlərində fəaliyyətlərini davam etdirib. Bu müəssisələrdə məktəblilərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyə və yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli şərait yaradılıb.
Qeyd edək ki, tətil günlərində məktəblilər üçün maarifləndirici tədbir və ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tariximiz haqqında dolğun məlumatlar çatdırmaqdan ibarətdir.
R.Mehdiyeva