Newscenter.az.22.11.2019. “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər davam etdirilir. Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Dövlət Proqramında 2025-ci ilə qədər yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur. Proqramın tədbirlər planına əsasən, yaxın illərdə baramaçılıq və ipəkçilik sahəsində klaster yanaşmanın tətbiqinin dəstəklənməsi, yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi tədqiqat işlərinin genişləndirilməsi, baramaçılıqla məşğul olan təsərrüfat subyektlərini sənaye tut ipəkqurdu toxumu ilə təmin edəcək toxumçuluq (qren) zavodlarının yaradılmasının dəstəklənməsi nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 19 may tarixli və "İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında" 2017-ci il 6 oktyabr tarixli sərəncamlarına uyğun olaraq Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması, habelə tut (çəkil) tinglərinin, barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə silsilə tədbirlər həyata keçirilib. Barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın, 4 manat isə emal müəssisəsi tərəfindən verilməsi bu sahəyə marağı daha da artırıb. Hazırda respublikamızın 38 rayonunun əhatə edən 5543 istehsalçının bu sahədə məşğulluğu təmin edilib. Nəticədə, 2019-cu ildə 641 ton barama istehsalına nail olunub və dövlət büdcəsi hesabına 3 milyon 100 min manat subsidiya ödənilib.
Bu il ilk dəfə olaraq Zərdab rayonunda 300 qutu, Tərtər rayonunda isə 50 qutu tut ipəkqurdunun ikinci yemləməsi həyata keçirilib və hər qutu ipəkqurdundan 20 kq olmaqla cəmi 7 min kq yaş barama isrehsal edilərək emal müəssisələrinə təhvil verilib.
İpəkçilik üzrə Dövlət Proqramının icrası ilə bağlı 2019-cu il üçün investisiya proqramına uyğun olaraq Zərdab, Füzuli, Bərdə, Ağsu, Zaqatala rayonlarının hər birində istehsal gücü 200 ton olan barama qurutmaxanalarının və 120 kvadratmetr sahəsi olan inkubasiya otaqlarının tikintisinə başlanıb.
Ölkədə baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə də bir sıra mühüm addımlar atılıb. 2016-cı ildə Çin Xalq Respublikasından 1,5 milyon tut (çəkil) tingi, 2017-ci ildə 1 milyon ədəd, 2018-ci ildə isə əlavə olaraq yenidən 1 milyon ədəd tut tingi gətirilərək çinli mütəxəssislərin müşayiəti ilə 38 rayonda intensiv tipli tut bağlarının salınması təmin olunub. Gətirilmiş tut tinglərinin əkilməsi və digər qulluq işlərinin həyata keçirilməsində fermerlərə müvafiq məsləhət xidmətləri göstərilməkdədir.
Ümumilikdə, indiyə qədər ölkəyə 3,5 milyon ədəd tut tingi gətirilərək yeni bağlar salınıb. Növbəti həftə isə yenidən Çin Xalq Respublikasından 1 milyon ədəd keyfiyyətli tut tingi gətiriləcək. Bu tinglər calaq olunduğu üçün iqlimin əlverişsiz amillərinə qarşı dözümlüdür, yaşıl kütlə çıxımı keyfiyyətli olduğu üçün barama qurdundan əldə olunan məhsulda bazar rəqabətinə dözümlü olur.
Dövlət Proqramına uyğun olaraq yaxın illər üçün baramaçılığın güclü inkişafını təmin etmək məqsədi ilə tut bağlarının sahəsini artırmaq, paralel olaraq Aqrar Elm və İnnovasiya Mərkəzinin Baytarlıq Elmi-Tədqiqat İnstitunun ixtisaslaşmış laboratoriyasında süni yem istehsalına nail olmaqla il ərzində barama istehsalının həcmini artırmaqdır. Eyni zamanda, barama istehsalçılarının üzləşdikləri problemlərin operativ həll edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyində 11 nəfərdən ibarət Barama İstehsalçıları Şurası yaradılıb ki, bu Şura yaxın gələcəkdə sahənin strateji inkişafının təmin edilməsi üçün öz tövhəsini verəcək.
Orxan