Newscenter.az.25.11.2019. Azərbaycanda Dizaynerlər Şurası yaradılacaq.
Newscenter.az xəbər verir ki, bu barədə qərar Bakıda baş tutmuş V Azərbaycan Dizayn Forumunun yekununda qəbul edilib.
Mədəniyyət Nazirliyinin dəstəyi, Azerbaijan Digital Arts School (ADAS) və Grafik Design Azerbaijan (GDAZ)-ın təşkilatçılığı ilə keçirilmiş Forumda bu məsələ ətraflı şəkildə müzakirə edilib və işçi qrupun yaradılması qərara alınıb.
Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini, beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzsadə bildirib ki, bu yaxınlarda ölkəmizdə yaradıcı Azərbaycan hərəkatına start verilib. Eyni zamanda Bakı UNESKO tərəfindən dizayn sənayesi üzrə yaradıcı şəhər elan edilib. Artıq Bakı şəhəri dünyanın 240-dan çox “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil olub. Bu yöndə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Məhz onun dəstəyi və ölkəmizdə keçirilən çoxsaylı tədbirlər sayəsində bu tarixi hadisəni əldə etdik. Məqsədimiz dizayn sənayesinin ölkə iqtisadiyyatında yerini müəyyən etmək və insan zəkasının məhsulu olan bu sənayenin inkişafına töhfə verməkdir.”, - deyə nazirliyin nümayəndəsi söyləyib.
Foruma xüsusi dəstək verən "Gardashlar Mebel" şirkətinin rəhbəri Əli Mirzəyev isə çıxışında bildirib ki, mebel istehsalçısının dizayn sahəsinə dəstək verməsi təsadüfi deyil: “"Gardaşlar Mebel" olaraq biz məhz dizaynerlərin yaratdıqları layihələri qerçəkləşdiririk. Ölkə rəhbərimiz, cənab prezident İlham Əliyevin sahibkarlığa və yerli istehsalata verdiyi dəstəyin nəticəsində biz Azrəbaycanda müasir standartlara cavab verən və ən son texnologiyalarla təchiz olunmuş fabrik ərsəyə gətirdik. Bir çox dizaynerlər hansısa mebelin modelini yaratmaq istəyərkən, müəyyən detalların xaricdən sifariş etmək məcburiyyətində olurlar, bu da işi həm çətinləşdirir, həm də prosesi yubadır. “Gardashlar Mebel” bu çətinlikləri aradan qaldırır. Biz istər dəmir, istərsə də taxtadan istənilən layihələri reallaşdırılmaq iqtidarındayıq.”- deyə Əli Mirzəyev bildirib.
Sonra çıxış edən natiqlər vurğulayıblar ki, Azərbaycanda fəaliyyət göstərən dizaynerləri bir araya gətirmək, təcrübə mübadiləsi və müzakirələr aparmaq, eyni zamanda bu məsələlərdə ən innovativ yanaşmaları bölüşmək baxımdan forum mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, Azərbaycan Dizaynerlər Şurasının yaradılması məqsədi ilə dekabr ayının əvvəlindən fəaliyyətə başlayacaq işçi qrupuna üzv olmaq istəyənlər [email protected] elektron ünvanına müraciət edə bilər. İşçi qrupuna dizayn sahəsində fəaliyyət göstərən həm şirkətlər, həm də fərdlər qəbul edilir.
Aydan