Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qadınlara qarşı zorakılıq, şiddət halları artmaqdadır

Qadınlara qarşı zorakılıq, şiddət halları artmaqdadır


Abşeron Rayon Məhkəməsi günün ortasında Xırdalanda yerləşən “Misir Parkı”nda həyat yoldaşının saçından tutub sürüyən və əl zərbəsi ilə sifət nahiyəsinə vuran, zərbənin təsirindən yerə yıxıldıqdan sonra da ona təpiklə sağ əl və kürək nahiyəsindən zərbələr endirərək sağlamlığa qəsdən yüngül xəsarət yetirən şəxsi barışdıqlarına görə məsuliyyətdən azad edib. Zahirən ədalətli və barışdırıcı höküm kimi görünə bilər. Azərbaycansayağı ər-arvad arasında dava-dalaş da, söz-sohbət də olar məntiq ilə də buna yanaşmaq da olar, özəl şəxsi maraqlar prizmasından da. Ölkədə bu tip, hətta bundan daha ağır hadisələr baş verir, ancaq ağsaqqal, ağbirçəklərin işə qarışması və qadının güzəştlərə getməsi səbəbindən problemlər həll olunmasa da, ört-basdır edilir.

Gələk Abşeron Rayon Məhkəməsinin çıxardığı cinayət işi üzrə icraata xitam verilməsi hökmünə. Mən həmin hökmü çıxaran hakimin kimliyini bilməsəm də, onu dəqiq deyə bilərəm ki, hadisəyə təkcə qısqanclıq zəminində ailədaxili münasibətlər kimi baxılması yanlışdır. Görünür, əməli törədən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə, yəni sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma ilə cinayət işi açılıb və Məhkəmə də adəti üzrə özü istintaq aparmayaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsaslanaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıdığına istinad edərək cinayət məsuliyyətindən azad edib.
Lakin işin hallarından da görünür ki, hadisə ictimai yerdə, parkda, cəmiyyət arasında törədilib. Şəxsin ləyaqətinə və şəxsiyyətinə açıqca qəsd edilib. Onunla pis rəftar olunub. Deməli, burada cinayətin digər əlamətləri də var. İbtidai istintaqın və məhkəmənin bu xüsusatları nəzərə almaması təəccüb doğurur. Bunlar hadisənin hüquqi tərəfindəki əksikliklər kimi izah oluna bilər.

Mənim üçün vacib olan həm də hadisənin mənəvi-psixoloji tərəfləridir. Azərbaycanda son dövrlər qadınlara qarşı şiddətin və zorakılıqların qarşısını almaq üçün sərt cəza tədbirləri görmək əvəzinə, bunu edənlərə nəyinsə müqabilində “hümanist” davranılması münbit şəraitin yaradılması anlamı deməkdir. Kişi, ər görür ki, törətdiyi əməlinə görə, məsuliyyətdən kənarda qalırlar, onlara aşırı güzəştlər edilir, digərləri bu acı nümunədən cəsarətlənir və azğınlaşır.

Oxşar hadisə bir müddət əvvəl Şəki şəhərində baş vermişdi. Ər arvadına anasıgilə getməyə icazə verməyib və qadının qohumlarına söyüb. Yaranan mübahisə zamanı ər zərərçəkmişin sifət və əl nahiyələrinə ayaq zərbələri vurub və nəticədə qadının burun sümüyü sınıb və bir sıra xəsarətlər alıb. Şəki Rayon Məhkəməsi cinayət təqibinə xitam verib və cinayəti törədən şəxs məsuliyyətdən azad edilib. Statistikaya müraciət etdikdə vahiməli mənzərə çıxar. Hələ bunlar rəsmi qeydə alınanlardır və qeydə alınmayanlar, müraciət olunmayanlar bu rəqmlərin 10 qatıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hesabatlarına əsasən, son dövrlərdə ölkədə məişət zorakılığı nəticəsində qadın ölümlərində artım qeydə alınıb. 2025-ci il ərzində məişət zorakılığı zəminində baş verən cinayətlərdən 1176 nəfər qadın zərər çəkib, zorakılıq səbəbindən 40 qadın həyatını itirib. Məişət zorakılığı nəticəsində dünyasını dəyişən qadınların sayı 2024-cü ildə 29 nəfər olduğu halda, 2025-ci ildə 40-a çatıb. Cari ilin əvvəlində hüquq-mühafizə orqanları tərəfindən açıqlanan məişət zorakılığı cinayətləri nəticəsində zərər çəkən qadınların sayı 1176 nəfər təşkil edib. Qadınlara qarşı törədilən ümumi cinayətlərin sayı 6541 olmuşdur.

Göründüyü kimi, qadınlara qarşı zorakılıq, şiddət və ölüm faktları ilbəil artmaqdadır. Hələ bura digər hüquqpozmaları, mənəvi və psixoloji diskriminasiyanı, qısnamaları qatmıram. Azərbaycan Şərqdə, hətta Qərbin bir çox ölkələrindən əvvəl qadınlara azadlıqlar verib. Seçki hüququ verib. Ana Yasada və qanunvericilik aktlarında şəxsiyyətın toxunulmazlığına və azadlıqlarına təminatlar verilir. İslam dinində də qadına yüksək qiymət verilərək “Cənnət anaların ayaqları altındadır” deyilir. Aydındır ki, ölkədə günü gündən artan social, iqtisadi və məişət problemləri ailədaxili münasibətlərə də öz təsirini göstərir və gərginlikləri körükləyir. Ailənin yükü artır. Ailə başçısı kimi kişilər bir çox hallarda ailənin təmantında çətinliklərə məruz qalır ki, bu da nəticə etibarı ilə əsəblərin müntəzəm olaraq gərilməsinə səbəb olur. Yaxud da ailədə mütləq hakimiyyət və despotik bir ortam yaratmaqla özünütəsdiqi bununla həyata keçirməyə üstünlük verir. Ancaq Konstitusiyada da deyildiki kimi, qanunlar cinsi fərqlilik tanımır və hamıya eyni dərəcədə tətbiq olunur. Yaxşı o zaman məntiqi və haqlı sual yaranır, nədən kişi cinsinə bunca üsünlük verilir və onlar yuxarda nümunə üçün göstərdiyim cinayət əmələrindən məhkəmənin hökümü ilə azad olunurlar? Bu ədalət və hüququn adekvat tətbiqi deyil, zorakılığa və şiddətə təşviqdir.

Eyni əməli qadın kişiyə, ərə qarşı törətsəydi hüquq və cəmiyyət buna necə baxardı? Şübhəsiz ki, ən ağır cəzaya məhkum edilərdi. Təkcə o qadın deyil, onun valideynləri də, uşaqları da cəmiyyətin qınaq obyektinə çevrilər və hədəfə tuş gələrdilər. Məncə, dövlət ittihamını müdafiə edən orqan olaraq prokurorluq və Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə yuxarıda qeyd etdiyim hər iki hal üzrə çıxarılan məhkəmə hökmlərini nəzarətinə götürərək, ciddi araşdırmalar aparmalıdır. Cəzaların və cəzavermənin məqsədi həm də ondadır ki, cəmiyyətdə qarşılıqlı etimadı və inamı möhkəmləndirsin, hüquq və azadlıqlara hörmət edilsin, digərlərini belə hərəkətlərdən çəkindirsin və dövlətin gücü, ədaləti təcəssüm etdirilsin.

Əli Orucov
Xəbəri paylaş