
Tamari Samuşia: “Ukraynada müharibədə iştirak etdiyim üçün məni cəzalandırır, övladlarımı görməyə icazə vermirlər”
Bir neçə ildir ki, davam edən Rusiya-Ukrayna müharibəsi təkcə hər iki tərəfdən hərbiçilərin həlak olması, şəhərlərin, kəndlərin dağılması, minlərlə insanın öz ev-eşiklərindən didərgin düşməsi kimi yadda qalmayıb, müharibə eyni zamanda azyaşlı uşaqların da həyatına mənfi təsirini göstərib. Azyaşlıların həyatı müharibədən darmadağın olub. Bir sıra hallarda isə müharibənin acımasız qanunları ananı övladından, sevgilisini yarından ayrı salıb.

Rusiya-Ukrayna müharibəsinin ağır sınaqları ilə üzləşən şəxslərdən biri də əslən gürcü olan Tamari Samuşiadır. Həyatını hərbi sahəyə həsr edən, hərbi formanı günlük geyim tərzinə çevirən Tamari başına gələnləri Newscenter.az-a danışıb. Tamari Samuşia bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Ukraynaya kömək etmək məqsədilə bu ölkəyə yollanıb. Elə Tamarinin acılı, həsrət dolu günləri də Ukraynaya kömək etmək qərarına gəldikdən sonra başlayıb. Gürcü əsilli xanım hərbiçi bunları deyib:
“2023-cü il, aprelin 4-də iki övladımı keçmiş həyat yoldaşımın, 1 övladımı isə atamın yanında qoyaraq müharibədə iştirak etmək qərarına gəldim və Ukraynaya kömək etmək üçün bu ölkəyə getdim. Həmin vaxt mən həqiqi hərbi xidmətdə idim. Düşünürdüm ki, müharibədən sağ qayıda bilməsəm atam azyaşlı övladımı böyüdər.

Mənim heç vaxt pis keçmişim olmayıb. Düzgün və yaxşı ailədə böyümüşəm. Maddi vəziyyətim də yaxşı idi, heç nəyə ehtiyacım yox idi. Sadəcə Ukraynaya kömək etmək və yaxşı bir iş görmək istəyirdim”.
Tamari deyir ki, Ukraynada bir neçə ay xidmət edib. Ancaq övladlarının təhlükədə olduğunu bildiyi üçün müharibədən qayıtmağa məcbur olub:
“Mənim oradakı müqaviləni icazəsiz pozmağım səbəbindən Ukraynada mənə qarşı məhkəmə prosesi oldu. Həmçinin, adım Rusiya tərəfindən hazırlanmış siyahıya salındı və mənə 20 il müddətinə bu ölkəyə getməyə məhdudiyyət qoyuldu və məni Gürcüstanın agenti kimi təqdim etdilər. Nüfuzumu və adımı ləkələməyə çalışdılar. Belə bir vəziyyətə salınmağım mənə ağır gəlir. Gürcüstana qayıtdıqdan sonra yenidən hərbi xidmətə başladım və müxtəlif hərbi kurslar keçdim. Müharibədən qayıtmağımdan artıq 2 il keçib, ancaq bu müddət ərzində övladlarımı hələ də görə bilməmilşəm. Bu mənim üçün çox ağırdır”.

Tamari Samuşianın sözlərinə görə, onun uşaqlarını görməyinə müharibədə iştirak etməsi səbəbindən mane olurlar:
“Mən nə etmişəm ki, övladımın səsini belə eşidə bilmirəm. Mən təhlükəli insanam? Yoxsa vanpirəm? Hakim mənə uşaqlarımı görməyə icazə verib, ancaq buna baxmayaraq onları görə bilmirəm. Həmin iki övladımdan başqa digər uşağımı özüm böyüdürəm. Övladlarımı əziyyətlə böyütmüşəm. İndi isə digər uşaqlarımı mənə göstərmirlər”.

Tamari Samuşia hesab edir ki, o siyasətə qurban gedib:
“Lakin siyasətdən heç nə anlamıram və siyasətlə məşğul olmaq istəmirəm. Mən sadəcə anayam və öz uşaqlarımı görmək istəyirəm. Mənim istəyim çox sadədir. Uşaqlarımın səsini eşitmək, onları görmək və ana kimi yanlarında olmaq.

Müharibədən sonra Gürcüstanın Veteranlar Departamenti mənə iş təklif etdi. Hazırda orada kurslar keçirəm və iki dəfə kursda olmuşam. Məni ora qəbul etdikləri üçün çox sevinirəm. Ancaq uşaqlarımı görə bilmirəm. Ona görə də hərbi formaya sarıldım. Sanki uşaqlarıma sarılmışam kimi.
Onlar qardaşı qardaşdan ayırdılar. Bəlkə də artıq onlar bir-birini tanımırlar. Siyasətə görə, təkcə mən yox, uşaqlarım da qurban getdi. Mən qəhrəman deyiləm. Əziyyətlə böyütdüyüm uşaqlarımı qucaqlaya bilmədim. Aylarla Ukraynaya xidmət etdim. Bunun müqabilində nə aldım? Həbs, təhqir, alçaldılma. Ədaləti harada axtarım? Həqiqi döyüşçünü nə vaxt seviblər ki? Bu mənə qarşı böyük ədalətsizlikdir”.

Tamari Samuşia bildirib ki, hərbi formanı hər zaman sevib və ona bağlıdır:
“Görünür buna görə məni cəzalandırırlar. Mən öz borcunu yerinə yetirmiş bir gürcü qadınıyam. Amma bir gücü qadınının və ananın belə şəkildə əzilməsinin, övladlarından uzaq salınmasının cavabsız qalmasını istəmirəm. Mən yalnız ədalət və uşaqlarımı görmək hüququ istəyirəm. İnsanlar öz ölülərini axtarırlar. Mən isə həyatda olan övladlarımı görmək üçün mübarizə aparıram. Müharibədə geyindiyim forma nə üçün uşaqlarımla görüşməyə maneə olmalıdır? Mənim günahım nədir? Məndə elə sənədlər var ki, həmin sənədlərdə hər şeyə hüququmun çatdığı qeyd edilir. Ancaq o sənədləri nəzərə alan yoxdur”.

Tamari ürək ağrısı ilə bildirib ki, üzlərini görməyə həsrət qaldığı övladlarının ad günlərini təbrik etməyə belə ona imkan vermirlər:
“Bunun bir ana üçün necə böyük bir dərd olduğunu sözlə ifadə etmək çətindir”.
Süleyman İsmayılbəyli










































