
“Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi (AMİL) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla yekunlaşıb.
Newscenter.az xəbər verir ki. layihə 01 iyun – 30 avqust 2026-cı il tarixlərini əhatə etməklə Bakı şəhərində üç ay müddətində həyata keçirilib. Layihənin əsas məqsədi müxtəlif yaş qruplarından olan uşaqların psixoloji rifahını gücləndirmək, emosional dayanıqlığını artırmaq, özünəinam hissini formalaşdırmaq, sağlam ünsiyyət bacarıqlarını inkişaf etdirmək və onların sosial mühitə uğurla uyğunlaşmalarına dəstək vermək olub.
Layihə çərçivəsində uşaqların psixoloji sağlamlığının qorunması, onların sağlam düşüncəli, özünə güvənən və məsuliyyətli fərdlər kimi formalaşmasına töhfə vermək əsas prioritetlərdən biri kimi müəyyən edilib. Proqram müddətində uşaqların yaş xüsusiyyətlərinə uyğun hazırlanmış təlim modulları əsasında interaktiv məşğələlər, psixoloji inkişaf sessiyaları, qrup oyunları, yaradıcı fəaliyyətlər, art-terapiya elementləri və praktiki tapşırıqlar təşkil olunub. Təlimlər zamanı uşaqlara öz emosiyalarını tanımaq və düzgün ifadə etmək, stress və narahatlıqla mübarizə aparmaq, münaqişələrin sülh yolu ilə həlli, komanda işi, qarşılıqlı hörmət və empatiya kimi vacib sosial bacarıqlar aşılanıb.
Layihə çərçivəsində həmçinin aqressiv davranışların qarşısının alınması, sağlam ünsiyyətin təşviqi, özünüqiymətləndirmənin yüksəldilməsi, liderlik keyfiyyətlərinin inkişafı, məsuliyyət hissinin formalaşdırılması və müsbət davranış modellərinin mənimsədilməsi istiqamətində müxtəlif maarifləndirici tədbirlər keçirilib. Məşğələlər zamanı uşaqların fəal iştirakı təmin olunub, onların fikir və təşəbbüslərinə xüsusi önəm verilib. Bu yanaşma iştirakçıların həm fərdi inkişafına, həm də sosial bacarıqlarının möhkəmlənməsinə müsbət təsir göstərib.
Layihə rəhbəri Leyla Rəcəbzadə bildirib ki, layihənin əsas məqsədi uşaqların yalnız bu gününü deyil, gələcəyini də düşünərək onların sağlam psixoloji inkişafına töhfə vermək olub:
"Üç ay ərzində həyata keçirilən proqram göstərdi ki, uşaqlarla sistemli və peşəkar şəkildə aparılan psixoloji inkişaf məşğələləri onların emosional vəziyyətinə, davranışına və sosial münasibətlərinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. İştirakçılar öz hisslərini daha rahat ifadə etməyə, problemləri dialoq yolu ilə həll etməyə, özlərinə inanmağa və komanda daxilində əməkdaşlıq etməyə başladılar. Bu nəticələr bizim üçün böyük motivasiya və gələcək fəaliyyətimiz üçün mühüm təcrübədir".
Leyla Rəcəbzadə qeyd edib ki, layihə çərçivəsində əldə olunan müsbət nəticələr gələcəkdə bu istiqamətdə daha genişmiqyaslı proqramların hazırlanması üçün möhkəm əsas yaradıb. Onun sözlərinə görə, uşaqların psixoloji sağlamlığının qorunması və emosional inkişafının dəstəklənməsi cəmiyyətin gələcək rifahı baxımından xüsusi əhəmiyyət daşıyır və bu istiqamətdə həyata keçirilən layihələrin davamlı olması vacibdir.
Təlimlərdə və psixoloji inkişaf proqramlarında iştirak edən uşaqlarda özünəinamın artması, ünsiyyət bacarıqlarının inkişaf etməsi, aqressiv davranışların azalması, emosiyaların idarə olunması və sosial adaptasiya səviyyəsinin yüksəlməsi müşahidə olunub. İştirakçıların və valideynlərin rəyləri layihənin qarşıya qoyduğu məqsədlərə uğurla nail olduğunu bir daha təsdiqləyib.
“Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi gələcəkdə də uşaqların sağlam inkişafına, psixoloji rifahının gücləndirilməsinə və ailələrin maarifləndirilməsinə yönəlmiş sosial əhəmiyyətli layihələrin həyata keçirilməsini davam etdirməyi planlaşdırır.
Anar










































