
Bu dəfə yazdığım yazı məhələmizin bərbəri Qafar dayı haqqında hekayədir. O, yaşadığımız ərazidə həm öz sənəti, həm də maraqlı, məzəli söhbətləri ilə hamının diqqətini cəlb edirdi. Onu taniyanlar işləri dara düşəndə Qafar dayıya üz tutur, o da öz hikmətli məsləhətlərini heç kimdən əsirgəmirdi.
Qafar dayi öz işinə məsuliyyətlə yanaşır, həm də müasir dəbə riayət edərək müştərilərinə xidmət göstərirdi. Onun nəzərində ağsaqqal da, orta yaşlı adam da gənc də uşaq da eyni səviyyədə idi. Qafar kişi sənətinə dərindən bələd olduğu üçün böyükdən kiçiyə qədər haminin rəğbətini qazanmışdır. Onun xarakterindəki xüsussiyyətlərindən biri müasir gənclərin saç düzümü dəbini qətiyyən bəyənməməsi idi. O, bayağı “müasirliyi” heç xoşlamırdı.
Bir dəfə onun yanına yeniyetmə uşaqlar gələrək yeni dəbdə olan, amma çox qəribə bir saç düzümü ilə saçlarını düzəltməsini etik normalara uyğun olmayan tərzdə “müraciət” etdilər. Gənclərin dediyi üsul Qafar dayının xoşuna gəlmədiyi üçün onları danlayıb “öz obyektindən” qovdu…
Mənim də Qafar dayı ilə ilk tanışlığım təxminən yeddi il öncəyə təsadüf edir. Qafar dayının köşkü işlədiyimiz ofisin yaxınlığında idi. Hər ofisə gedib gələndə Qafar dayı ilə salamlaşmaq sanki mənim nəzərimdə mənəvi borc idi. Belə ki, o olduqca mərhəmətli və qayğıkeş insan idi. Qafar kişi bekar olanda məni köşkünə cağıraraq çay içməyə dəvət edir, çay içə-içə maraqlı və mənalı söhbətlər edirdi. Qafar dayı da yaşadığı hadisələri, başına gələn olayları bir yaxın adamı kimi mənə söyləyirdi. Bu arada Qafar dayının çox söhbətcil olduğunu, özün məxsus danışıq tərzi,intonasiya ilə danışması könlümü oxşayırdı. Qafar dayı sən demə Birinci Qarabağ savaşında iştirak edibmiş. Dediyinə görə Xocalı faciəsini görəndən sonra könüllü olaraq hərbi komissarlığa müraciət etmiş, bir zamanlar əsarət altında olan Qarabağın rayon və kəndlərinində düşmənə qarşı mübarizə aparmışdır. Xüsusilə Xocalı qətliamında Ağdama pənah gətirən məcburi köçkünlərin vəziyyətini ürək ağrısı ilə seyr etmişdir.
Qafar dayını bütün günü öz köşkündə görmək olurdu, müştərisi olanda onun xidmətində olur, boş vaxtını isə hər dəfə onun yanına söhbətə gələn dostu Əlisəttar kişi ilə keçirirdi.
Sonradan Qafar dayının ailəsi haqqında eşitdim ki, evində 80 yaşlı qoca anası olan bərbərin həyat yoldaşı çoxdan vəfat edib.
Bir dəfə özü, qazancın az olmasını, yaşlı anasınına dərman ala bilmədiyini dilə gətirmişdi. “Qazancım 3 nəfər ailə üzvünə güclə çatır, mən yaşlı adamam. Bu yaşımda mənə uyğyn nə iş ola bilər ki? - dediyində sən demə yaşlı anasını, özünü bir hansısa səbəbdən heç yerdə işləməyən kiçik oğlunu nəzərdə tuturdu. Qafar dayı özünün 2 oğlu olduğunu, Bakı şəhərində yaşayan böyük oğlunu yaxşı işinə görə həmişə tərifləyərdi, kiçik oğlundan isə narazı idi.
Son vaxtlar Qafar dayını fikirli görəndə onu söhbətə tutmazdım. Anlayırdım ki, kiçik oğlunun hərəkətlərindən olduqca nigarandır. Eləcə də anasının səhhəti ilə bağlı dərin düşüncəyə daldığını zənn edirdim. Belə məqamlarda onunla çox ünsiyyətdə olmurdum. Bir-iki kəlmə ilə hal əhval tutub köşkdən uzaqlaşardım. Belə gümrah, fiziki cəhətdən çox sağlam görünən 65 yaşlı Qafar kişini sarsıdan həyat yoldaşının vaxtsız vəfat etməsi idi..
Yayın gəlişi ilə bir çox iş yerləri müvəqqəti olaraq tətilə çıxır, işlədiyimiz ofisdəki əməkdaşlar da məzunuyyətə gedirdi. Mən də məzuniyyət müddətində ailəmi götürüb dincəlmək üçün öz kəndimizə gəldim. Bir müddət burda qalıb, yayın istiliyini yola saldıqdan sonra yenidən iş yerimizə qayitdım. Bu qədər vaxt ərzində ofisin ətrafı çox dəyişmiş, ərazidə alaq otlar çıxaraq yolu örtmüşdü. Fikirləşdim ki, bir nəfər tapım buradakı otları biçsin. Gəzə-gəzə gəlib məhəllənin başına çıxdım. Birdən Qafar dayının boş kimsəsiz köşkü gözümə sataşdı. Qapısından qıfıl asılmışdı. Köşkün ətrafını ot-alaq basmışdı. Bizim ofisin həyəti kimi də Qafar dayının evinin darvasasının önü yabanı otlara qərq olmuşdur. Səliqəli bərbərin evində yaşamadığı hiss olunurdu. Bu məndə narahatçılıq yaratdı. Birdən küçənin o tərəfində beli bükülmüş vəziyyətdə yeriyən Əlisəttar kişini gördüm. Əlisəttar kişiyə yaxınlaşıb hal-əhval tutduqdan sonra yaşlı dostumuzu soruşdum. Keçmiş dostu onun vəfat etdiyini dedi. Qafar dayının infarkt keçiridikdən sonra ayağa qalxa bilmədiyini və bir neçə gündən sonra dünyasını dəyişdiyini bildirdi. Bu xəbərdən sonra elə bil dünyam qaraldı. Əlisəttar dayı başqa heç bir şey danışmadı. Bir faktı da nəzərimə çatdırdı ki, təriflədiyi böyük oğlu Bakıdan gəlməmişdi. Bəyənmədiyi kiçik oğlu isə onu övlad kimi məzara qoymuşdu.
Qafar kişinin anası qızıgilə köçmüş, oğlunun vəfat xəbərini bu günlərdə eşitmişdir. Yaşı 80 olan qadının oğul dərdi onun qəddini bir az da əymişdi.
Öz-özümə “Allah sizə qəni-qəni rəhmət eləsin. Qafar kişi” deyərək ərazidən birdəfəlik uzaqlaşdım.
Mehman Fərmanov
NEWSCENTER.AZ üçün











































