
"Avqustun 27-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin qonaq evi qarşısında dövlətimizin maraqlarına qarşı çirkin bir təxribat aktı həyata keçirilmişdir. Kimliyi hələlik müəyyən edilməmiş şəxslər tərəfindən diplomatik korpusun binası önündə Azərbaycan əleyhinə yönəlmiş şüarların və təhqiredici şəkillərin yerləşdirilməsi ciddi narahatlıq doğurur".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı İlham Məmmədov deyib. O bildirib ki, baş vermiş bu xoşagəlməz hadisə təkcə müstəqil bir dövlətin rəsmi simvollarına qarşı hörmətsizlik deyil, həm də qəbul olunmuş beynəlxalq hüquq normalarının açıq şəkildə tapdalanması mənasına gəlir:
"İnsidentin baş verdiyi coğrafiya və zaman kəsiyi fonunda hazırda ortaya çıxan ən prinsipial məsələ ev sahibi olan dövlətin üzərinə düşən hüquqi məsuliyyətlə bağlıdır.Beynəlxalq hüququn təməl sənədlərinə, xüsusilə də 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının müddəalarına əsasən, xarici ölkələrdə fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyi qorunmalıdır. Səfirlik binaları ilə yanaşı, onlara məxsus olan hər bir mülkün və inzibati obyektin toxunulmazlığının təmin edilməsi birbaşa olaraq həmin ərazidə yerləşən dövlətin öhdəliyidir. Konvensiyaya görə, bu hüquqi vəzifə konkret olaraq Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının və müvafiq dövlət strukturlarının üzərinə böyük bir məsuliyyət qoyur".
Millət vəkili qeyd edib ki, hadisənin baş verdiyi vaxtda səfirliyin və ya qonaq evinin yaxınlığında asayişi qorumaqla vəzifələndirilmiş polislər bu təxribata vaxtında müdaxilə etməli idilər:
"Hüquq-mühafizə əməkdaşlarının əsas vəzifəsi diplomatik toxunulmazlığı olan ərazidə ictimai qaydanı təmin etmək və bu cür təhrikedici aksiyaların qarşısını dərhal almaqdan ibarət idi.Baş vermiş insidentdən dərhal sonra Azərbaycan tərəfinin və Xarici İşlər Nazirliyinin məsələyə çevik şəkildə reaksiya verərək rəsmi etirazını bildirməsi tamamilə legitim bir addımdır. Bu diplomatik reaksiya beynəlxalq hüquq müstəvisində tamamilə haqlı, yerində və dövlətin suveren maraqlarına uyğun olaraq atılmış bir addım kimi qiymətləndirilməlidir. Çünki Azərbaycan Respublikası öz suveren ərazisində fəaliyyət göstərən bütün xarici ölkələrin səfirliklərinə, o cümlədən Rusiya nümayəndəliklərinə hər zaman ən yüksək səviyyədə təhlükəsizlik təminatı yaradır".
İlham Məmmədov, "Ölkəmiz diplomatik korpusların ətrafında hər hansı bir xoşagəlməz hadisənin və ya qanunsuz aksiyanın baş verməsinə qətiyyən imkan vermir və bu sahədə beynəlxalq öhdəliklərinə sadiq qalır. Təbii ki, eyni məsuliyyətli, qarşılıqlı və tamamilə hüquqi prinsiplərə əsaslanan yanaşmanı Rusiya tərəfindən də gözləmək bizim ən təbii və qanuni haqqımızdır",-deyə vurğulayıb.
Süleyman










































