
Bu ilin avqust ayında Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi məqsədilə 6 depozit hərracı keçirib və ümumilikdə xəzinə hesabının 146 milyon manat qalığını ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirib.
Newscenter.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, avqustun 6-da iki depozit hərracı keçirilib və ilk hərracın nəticələrinə əsasən, xəzinə hesabının 16 milyon manat qalığı 2 kommersiya bankında 28 gün müddətinə, 6,54 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib. Digər hərracda isə xəzinə hesabının 25 milyon manat qalığı 1 kommersiya bankında 84 gün müddətinə, 6,54 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Avqustun 13-də keçirilmiş növbəti depozit hərracının nəticələrinə əsasən, xəzinə hesabının 21 milyon manat qalığı 2 kommersiya bankında 28 gün müddətinə, 6,54 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Avqustun 20-də baş tutmuş hərracda 1 kommersiya bankı iştirak edib. Hərracın nəticəsinə əsasən, xəzinə hesabının 35 milyon manat qalığı 84 gün müddətinə, 6,53 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Avqustun 27-də isə daha iki depozit hərracı keçirilib. Hərracların birinin nəticəsinə əsasən, xəzinə hesabının 19 milyon manat qalığı 2 kommersiya bankında 28 gün müddətinə, 6,52 % orta çəkili faiz dərəcəsi ilə, digərində isə xəzinə hesabının 30 milyon manat qalığı 1 kommersiya bankında 84 gün müddətinə, 6,54% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
"Maliyyə Nazirliyi bu kimi alətlər vasitəsi ilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqini genişləndirməklə dövlət büdcəsinə əlavə daxilolmaların formalaşdırılmasını təmin edir. Eyni zamanda, vəsaitlərin kommersiya banklarında yerləşdirilməsi bank sektorunda likvidliyin artmasına töhfə verir", - deyə məlumatda qeyd olunub.
Süleyman












































