
Şuşada keçirilən 4-cü Şuşa Qlobal Media Forumun əsas maraqlı və özəlliyi fikrimcə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı və media nümayəndələrinin verdiyi suallara ətraflı, dolğun və məzmunlu cavablarıdır.
Amma təssüflər olsun ki, bu mötəbər Forumda qarşıya qoyulan məqsədlər, hədəflər və çağırışlardan daha çox yerli tərkiblə bağlı narazlıqları ifadə edən müzakirələr oldu.
Mən bu müzakirələrə qoşulmadan sadəcə onu vurğulamaq istərdim ki, həqiqətən də dəvət olunanlar arasında ayrı-seçkilik olmamalıdır. İctimai fikrin formalaşmasında və yönləndirilməsində rol oynaya bilən sosial media nümayəndələri və internet televiziyalar da cəlb edilməli idi. Bunların simasına Laf TV-nin rəhbəri Ləman Ələşrəfqızı və Bax Da—nın yaradıcısı Səidə Telmanqızını göstərə bilərəm. Hər ikisi tanınmış və peşəkar jurnalist olaraq gündəmə təsir etmək gücündədirlər. Bu siyahıya digər jurnalistləri də əlavə etmək mümkündür.
Tədbirə “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” adının verilməsi təsadüfi deyildi və burada prezidentin dilindən Azərbaycanın beynəlxalq münasibətlər sisteminə baxışları, həmçinin regional məsələlərlə bağlı mövqeyi açıq və net şəkildə səsləndirildi. Doğrulan rezonans da özünü çox gözlətmətdi. Moskva Rusiya prezidentinin mətbuat katibi D.Peskovun vasitəsi ilə dərhal özünə aid mövzuya dərhal özünəməxsus tərzdə, yəni narazı, bir qədər də hədələyici tonda reaksiya verdi. Həmişə olduğu kimi Azərbaycan heç nəyə məhəl qoymadan doğru bildiyi yolda addımlamaqda davam edəcək. Forumda Prezident İ.Əliyev bir mesaj da veridi: “Ancaq özümüzə güvənməliyik və dövlətə güvənməliyik. Birlik heç vaxt sarsılmamalıdır”.
Əli Orucov











































