Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zorakı ekstremizm ilə mübarizə mövzusunda beynəlxalq konfrans keçirilib



Newscenter.az.11.12.2019. Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi (BMqT) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “Zorakı ekstremizm ilə mübarizə: Birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” başlığı altında beynəlxalq konfrans keçirib.

Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisindən Newscenter.az-a bildirilib ki, beynəlxalq konfrans BMqT-nin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə icra edilən “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində baş tutub.

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev konfransı giriş sözü açaraq ekstremizmin təhlükələri barədə danışıb. Dini, zorakı ekstremizmə qarşı mübarizədə maarifləndirmə, təhsil, savadlanma, profilaktik tədbirlərin olduqca vacib olduğunu qeyd edən V.Gjorgjiev təmsil etdiyi qurumun bu istiqamətdə bir çox layihələr reallaşdırdığını deyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dini radikalizm və ekstremizmə diqqəti çəkərək “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun qəbul olunmasının və görülən profilaktik tədbirlərin ölkədə xaricdən dəstəklənən, din adı altında gizlənən ekstremist qrupların baş qaldırmasına imkan vermədiyini qeyd edib: “Konstitusiyamızda, qanunlarımızda hər hansı bir dinin üstün mövqedə olması öz əksini tapmayıb. Bunun nəticəsidir ki, Respublikamızda 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir, 35 qeyri-islam dini icması dövlət qeydiyyatına alınıb”.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai bildirib ki, ekstremizm sərhədlər tanımayan bir təhdiddir. Bunun qarşısını almaq üçün birgə səy göstərilməsi vacibdir.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyası Aylin Loules zorakı ekstremizmin təşəkkül tapmasına yalnız birgə əməkdaşlığın genişləndirilməsi ilə mane olmağın mümkünlüyünü vurğulayıb.

Aydan
Xəbəri paylaş