Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Valyuta tənzimi rejimi"nin yumuşaldılmasına ASK-dan münasibət



Newscenter.az.20.02.2020. Azərbaycan Sahibkarlar Konfederasiyası (ASC) Azərbaycan Mərkəzi Bankının valyuta bazarının liberallaşdırılması ilə bağlı qərarını şərh edib.

Newscenter.az-ın xəbərinə görə, qurumun mövqeyini baş katib əvəzi Kristina Məmmədova açıqlayıb.

"Bu, ASK-nın sahibkarların hüquqlarının müdafiəsi və biznesin inkişafı naminə daha bir uğurudur və konstruktiv əməkdaşlığa, ölkə sahibkarlarının probleminə yanaşma tərzinə görə AMB-yə, Maliyyə Sabitliyi Şurasına təşəkkür edirik. Xaricə avans ödənişləri müqabilində alınan mallar əvvəllər 180 gün ərzində idxal edilməli idi. Bu qaydalar sahibkarların idxal əməliyyatlarında ciddi çətinliklər yaratmışdı. ASK-nın təklifi ilə 180 günlük müddət 270 günə qaldırıldı, lakin ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı, eləcə də müasir texnologiyaların tətbiqi ilə bağlı çağırışlar idxalın 270 günə reallaşdırılması ilə bağlı çətinliklər yaradırdı. Bu qaydaların pozulmasından irəli gələn 12 min iş vardı və həmin işlərdən 6 minə qədəri hazırda məhkəmədə baxılır.

AMB-nin sədri Elman Rüstəmovun və ASK-nın prezidenti Məmməd Musayevin birgə təşəbbüsləri nəticəsində yanvarın 10-da iki qurumun rəhbərliyinin, sahibkarların, bank rəhbərlərinin iştirakı ilə geniş iclas keçirilib. İclasın nəticəsində işçi qrup yaradılıb. İşçi qrupun gərgin əməyinin nəticəsində məhz bugünkü müsbət nəticələr əldə olunub. Çox sevindirici haldır ki, bu məsələ müsbət həll olundu. Bu da o deməkdir ki, artıq 6 minə yaxın məhkəmə işinə xitam veriləcək”, - o qeyd edib.

Xatırladaq ki, dəyişikliklərə əsasən, qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və yaxud idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 gündən ən geci 2 il müddətinə qədər uzadılıb, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda, valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb.
Xəbəri paylaş