Newscenter.az.2.03.2020. “Əsas məqsədimiz Azərbaycanı dünyaya şahmat ölkəsi kimi tanıtmaq və dünya şahmat reytinqində ilk "onluğ"a düşməkdir. Moskvada keçirilmiş “Aeroflot Open-2020” beynəlxalq şahmat turnirində sənin, 14 yaşlı şahmatçının qalibiyyəti hər birimizin sevincinə səbəb olmaqla bərabər eyni zamanda bizə böyük qürur hissi yaşatdı. Biz bundan sonra da sənin inkişafın üçün daim dəstək göstərəcək, səni qoruyacağıq".
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın Newscenter.az-a verdiyi məlumata görə, bu sözləri nazir Azad Rəhimov “Aeroflot Open-2020” beynəlxalq şahmat turnirin 14 yaşlı qalibi Aydın Süleymanlı ilə görüşündə deyib.
A.Rəhimov Aydının qələbəsindən sonra artıq 2 şirkətin ona sponsurluq etmək arzusunda olduğunu diqqətə çatdıraraq şahmatçının məşqləri və gələcək inkişafı üçün Nazirlik və Azərbaycan Şahmat Federasiyasından hər bir dəstəyin göstəriləcəyini bildirib.
Görüşdə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov, eyni zamanda A.Süleymanlının atası və şəxsi məqqçisi də iştirak edib.
Diqqət və qəbul üçün nazirə təşəkkür edən istedadlı şahmatçı qalibiyyəti, oyunun gedişi, rəqibləri və gələcək planları və məşqləri haqqında danışıb.
Aydın Azərbaycan çempionatına da xüsusi hazırlaşdığını bildirib, “Aeroflot Open-2020” beynəlxalq şahmat turnirindəki qələbəsini, bu yarışda da təkrarlayacağına çalışacağını söyləyib.
Görüşün sonunda A.Rəhimov və M.Məmmədov A.Süleymanlıya hədiyyə təqdim edib.