Newscenter.az.25.03.2020. Azərbaycan Tibb Universitetinin (ATU) ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov koronavirus pandemiyasına qarşı mübarizə kampaniyası çərçivəsində təşəbbüslə çıxış edib.
Newscenter.az-a təhsil ocağından bildirilib ki, 40 ildən artıqdır peşəkar fəaliyyətlə məşğul olan doktor Ç.Rəhimov, bir il öncə yaratdığı "EcoDent" klinikasında olan süni ventilyasiya aparatını koronavirusa yoluxan xəstələrin müalicəsində istifadə olunması üçün ixtisaslaşmış xəstəxanalara təqdim edib.
"Klinikamız ən müasir avadanlıqla təchiz olunub. İşçi heyətinin peşəkarlığını və müvafiq avadanlığın mövcudluğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi ölkəmizdə ilk dəfə olaraq cərrahi əməliyyatları və stomatoloji xidməti ambulator şəraitdə, ümumi ağrısızlaşdırma (narkoz) altında aparılmasına icazə verib. Bu da bizi digər stomatoloji müəssisələrdən fərqləndirir".
Professor Ç.Rəhimovun sözlərinə görə, digər özəl tibb müəssisələri də ölkə Prezidentinin təşəbüssünə qoşulmalı və koronavirusla mübarizədə əlindən gələni əsirgəməməlidir: "Hazırda bütün dünya və ölkəmiz ciddi ağ ciyər ağırlaşmalarına səbəb olan koronavirus pandemiyası ilə qarşılaşıb. Böyük xəstə axını olduğu təqdirdə, ağ ciyərin süni ventilyasiyası aparatlarının çatışmazlığı ilə üzləşə bilərik. Buna görə də, tam işlək vəziyyətdə olan süni ventilyasiya aparatını, bu işə cəlb olunmuş təşkilatların göstərişinə əsasən lazımi xəstəxanaya təqdim etmişəm".
Ayan