Newscenter.az.27.03.2020. “Xüsusi karantin rejiminin gücləndirilməsi gözlənilən idi. İctimai nəqliyyatın, o cümlədən Bakı metrosunun fəaliyyətinin məhdudlaşdırılması, ticarət obyektlərində, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətin dayandırılması, həmçinin bulvar, park və digər istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə girişin məhdudlaşdırılması koronavirusla mübarizənin effektivliyinin daha da artırılması üçün nəzərdə tutulan və eləcə də vətəndaşlarımızda məsuliyyət hissinin artırılmasına hesablanmış zəruri addımlardır”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, bildirib ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub:
“Və bu xüsusi rejim qaydalarına əsasən, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplar halında cəmləşməsi qadağan edilib. Həmçinin vətəndaşlara insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, gigiyenik-dezinfeksiya qaydalarına ciddi surətdə əməl etmək tövsiyə olunub. Lakin çox təəssüflər olsun ki, bir çox vətəndaşlarımız nədənsə, bu yasaqlara əməl etmək istəmir, tövsiyyələri nümayişkaranə şəkildə qulaqardına vurur. Hökumətin bütün xəbərdarlıqlarına rəğmən tətbiq edilən yasaqlar bəziləri üçün havadan asılı qalır. Nəticədə bəzi insanlarımızın məsuliyyətsizliyi və saymazyanalığı üzündən ölkədə koronavirusa yoluxanların sayı get-gedə artır. Odur ki, hökumətin də xüsusi karantin rejimini gücləndirməsi anlaşılandır və tamamilə doğru qərardır. Biz bu qərarı dəstəkləyirik”.
Mehman