Newscenter.az.20.04.2020. “Azərbaycanda koronavirus pandemiyasının yaratdığı sosial-iqtisadi çətinliklərin aradan qaldırılması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə işlənib hazırlanmış və həyata keçirilən kompleks tədbirlər onu göstərir ki, ölkəmiz bu pandemiyadan ən az zərərlə çıxan ölkələr sırasında olacaq. Bu tədbirlər həm əhalinin sağlamlığnın qorunub saxlanılmasına, iş yerlərinin qorunub saxlanılmasına həm də əhalinin sosial müdafiəsinə xidmət edir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev səsləndirib. O, bildirib ki, insanların sosial müdafiəsinin təmin edilməsi üçün pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyənlərin əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir və bu kareqriyadan olan işçilərin sayı 300 mindən çoxdur:
“Eyni zamanda, 300 minə yaxın kiçik sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət maliyyə vəsaiti ayırıb. Ümumilikdə, 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanılmaqla məşğuliyyəti saxlanılıb. Dövlət sektorunda işləyənlərin əməkhaqqı tam ödənilir. İşsizlərə və xüsusi karantin rejiminə görə qeyri-formal işləyənlərə ümumilikdə 600 min nəfərə ölkə üzrə yaşayış minumumu səviyyəsində (190 manat) birdəfəlik ödəmələr verilməsi həyata keçirilir. DOST İş Mərkəzləri vasitəsi ilə aprel-may ayları üzrə əlavə olaraq 50 min ödənişli ictimai iş yerlərinin yaradılmasına başlanıb. Ümumilikdə, belə iş yerlərinin sayı 90 minə çatdırılacaq. Eyni zamanda, xüsusi həssas təbəqədən olan ailələrə dəstək proqramında aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqlarının ödənilməsi nəzərdə tutulmuşdur. Ali təhsil müəssisələrində təhsil alan 17 min, peşə təhsil müəssisələrində təhsil alan 7 min nəfər olmaqla, ümumilikdə 24 min tələbənin təhsil haqqının da dövlət tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Nəzərdə tutulan bu tədbirlərin həyata keçirilməsi üçün 3,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Bütün bunlar göstərir ki, belə bir ağır şəraitdə Azərbaycan dövlətinin apardığı dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sağlamlığının qorunub saxlanılması və sosial müdafiəsinin təmin olunması dayanır”.