Newscenter.az.3.05.2020. Milli Olimpiya Komitəsi Tokio 2020 Yay Olimpiya oyunlarına lisenziya qazanmış idmançılar və federasiyaların nümayəndələrinin iştirakı ilə videokonfrans təşkil edib.
Newscenter.az-a Milli Olimpiya Komitəsindən bildirilib ki, videokonfransın əsas mövzusu qlobal koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan olunmuş karantin rejimi şəraitində idmançıların və onların məşqçilərinin fiziki, psixoloji və ümumi hazırlıq məsələsi və postkarantin dövründə gerçəkləşdirilməsi nəzərdə tutulan işlər olub. Qarşıdakı günlərdə BOK-un Olimpiya Oyunlarına təsnifat prosesi ilə bağlı yenilənmiş qanunları açıqlayacağı haqda da idmançılara məlumat verilib.
Bundan başqa Tokio 2020 Yay Oyunlarında iştirak üçün hazırlığın yüksək səviyyəsinə çatmış milli atletlərimizin karantin rejimində məşqlərini ev şəraitində davam etdirmələri müsbət dəyərləndirilib. MOK mətbuat xidmətindən verilən məlumata görə, videokonfransda yaxşı fiziki formada qalmaları üçün idmançıların ev şəraitinə uyğun məşq kompleksləri əsasında çalışdıqları, onların psixoloji hazırlıq vəziyyətinin də yüksək səviyyədə qalması məsələsinin də diqqətdə saxlandığı qeyd olunub. Karantin müddətində MOK-un təşkil etdiyi #Evdeqal #idmanlaqal kampaniyası haqda da fikir mübadiləsi aparılıb. Yeni layihələrə dair təkliflər müzakirə olunub Videokonfransın sonunda müzakirə olunan məsələlərlə bağlı suallar cavablandırılıb.
Mehman