Newscenter.az.10.05.2020. Mən Moskvada olan vaxt, hələ Araz Ağalarov, Telman İsmayılov, Nisanov filan, gəlməmişdi. Mərhum Heydər Əliyev Moskvaya gələndə isə mən, Kaluqa Vilayətinə, bir neçə aylığa ezam olunmuşdum, 200 kilometr Moskvadan aralı. Oralarda mütəxəssis kəskin çatışmırdı, kömək ücün Moskvadan göndərirdilər. Cinayət, qətllər, qəzalar çox olurdu, kəndləri keçilməz bataqlıq.
H. Əliyevin Moskvaya dəyişdiyi cəmi hardasa 4 ay olardı artıq bütün sıravi xalq da tanıyırdı onu. Şikayətlər əsasən onun adına yazılırdı. Qış vaxtı idi. Yenə hadisə, yenə ucqar kənd, müstəntiq və digərlərimiz, bir zülümlə bataqlıqlar arasında və soyuq şaxtada, heç UAZ da keçə bilmədi, hərbi hissədən Qaz-66 ayırdılar getdik bir təhər oraya çatdıq. O boyda zəhmətlə gəl çat ora və gördük nə? Bir alkaş "türemşikin" birisi özünü "obrezlə" vurub öldürüb, qonşular, kənd sovet sədri baxır dayanıb, ölənin anası da yavaşca ağlayır. Nə isə dilxor olduq, o çətinlikdə yolu, boş bir hadisəyə görə gəldiyimizə. Baxdıq, ölçdük-biçdik, yazdıq pozduq. Ayrılıb gedən vaxt birdən ağlayan qoca ana dik atıldı. Başladı bizə şikayətə ki, bu sovet sədri bunun pensiya işinə baxmır. Dedik ay ana biz belə şikayətlərə baxmırıq. Yuxarıya yaz. Tez sovet sədrinə tərəf baxdı, dedi, bu əclafdan lap yuxarı, Moskvaya yazacam, düz, Kosıginə! Bizi gülmək tutdu, dedim ay anam, Kosıgin çoxdan ölüb axı.. Özünü itirmədi, dedi onun bir təzəcə müavini var Aliyev, ona yazacam, hamı da ona yazır bu saat kənddə. Dedim hə anam, bax indi tapdın. Qarının bu çevikliyinə görə müstəntiqlə fikirləşdik kömək edək. Sovet sədrinə çox ciddi soruşandan sonra dedik ki, bu qarıya qanunsuz əngəl yaradırsan. Gedirik, rayon prokuroru İvan Yakovleviçə deyək, sənin yoxlama aparıb evini yıxacaq. Dedi deməyin, söz verirəm bir həftəyə həll edəcəm. Oldu. Anaya dedik, bir həftəyə bu nömrəyə, rayon mərkəzinə zəng vur, bizə bildir.
Sovet sədri bizi apardı biraz qonaqlıq verdi, bu bir qayda idi, uzaq yol gələn əməkdaşlar üçün. Qonaqlıq da ki, meşə kənarı qarda, kapotun da üstündə kolbasa, sala, xiyar turşusu, qap-qara çörək, turş göy alma, soyutma kartof və güclü samoqon. Sağ olsun, bizim üçün böyük şey idi o soyuq şaxtalı uzaqda. Bunların rüşvəti də bu idi, belə.Yolda müstəntiq dostum Tsukanov ilə də xeyli güldük. Dedi sizin Əliyev yamanca səs salıb ha bütün ölkənin əhalisinə, gör ki, bu qarı Nazirlər Sovetinin sədrini tanımır, amma birinci müavini H. Əliyevi tanıyır artıq. Gülüb dedim ki, əziz dostum, Aleksandr Tsukanov, biz beləyik..
Siyasi şərait dəyişməsəydi, SSRİ zirvəsinədək gedəcəkdi Əliyev. Bunu Rusiyada hamı deyirdi. Allah rəhmət eləsin H. Əliyevə, ruhu şad olsun.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri