Newscenter.az.5.06.2020. İyul ayının 22-də Azərbaycan Mətbuatının 145 yaşı tamam olur. Bu il mətbuat nümayəndələri üçün əhəmiyyətli tədbirlərdən birinin – jurnalistlərin üçüncü binasının istifadəyə verilməsinin də reallaşacağı güman edilir.
Artıq bununla bağlı sosial şəbəkələrdə mətbuat nümayəndələrinin müzakirələri də qızışıb. Kimi mənzillərin verilməsi şərtlərinin dəyişdirilməli olduğunu düşünür, kimi isə bununla bağlı yeni təkliflər irəli sürür. Buna baxmayaraq, üçüncü binanın Mətbuat günündə təhvil verilməyəcəyini, bu baş tutsa belə, şərtlərin tamamilə yenilənəcəyini iddia edənlər də var.
Modern.az bu və digər iddialara aydınlıq gətirilməsi üçün Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) ilə əlaqə saxlayıb.
Fondun mətbuat katibi İlkin Nadirov bildirib ki, jurnalistlərin binası ilə bağlı hər hansı bir yenilik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək:
“İndiki məqamda yalnız bunu deyə bilərik. Mətbuat günündə mənzillərin verilməsinin baş tutub-tutmayacağına gəlincə, bu barədə də hər hansı yenilik olarsa, mütləq bildiriləcək”.
Qeyd edək ki, aprel ayının 4-də prezident İlham Əliyevin imzaladığı sərəncamla Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru vəzifəsindən azad olunub.
Prezidentin daha bir sərəncamı ilə Əhməd İsmayılov KİVDF-nin icraçı direktoru vəzifəsinə təyin olunub.