Newscenter.az.24.07.2020. Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçirilib.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Newscenter.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Elçin Kəlbiyev yaşadığı evin yaxınlığında saxlanılaraq RPŞ-nə gətirilib. Burada onun üzərinə keçirilən şəxsi baxış zamanı ondan ümumi çəkisi 22 qramdan çox narkotik maddə olan heroin və metamfetamin aşkar olunaraq götürülüb. Elçin Kəlbiyev ifadəsində narkotik maddələri satış məqsədi ilə Xızı rayon sakini Rəsul Qədirovdan 700 manata aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq şöbə əməkdaşları tərəfindən Rəsul Qədirovun yaşadığı ünvan müəyyənləşdirilib və ona məxsus Xızı rayonunun Sitalçay kəndi ərazisində yerləşən evinə keçirilən baxış zamanı oradan 1 kiloqramdan artıq qurudulmuş marixuana, 1.5 qrama yaxın heroin, eləcə də həyətyanı sahəsindən hündürlüyü 160-210 sm, ümumi çəkisi isə 34 kiloqramdan artıq olan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 108 ədəd çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin satışını həyata keçirən “Avtoş Elnur” ləqəbi ilə tanınan Elnur Əliyev saxlanılıb. Lakin saxlanılan zaman E.Əliyev məsuliyyətdən azad olmaq üçün üzərində olan narkotik maddəni yerə ataraq qaçıb. RPŞ-nin əməkdaşları tərəfindən adı çəkilən şəxs rayon ərazisində tutularaq şöbəyə gətirilib. Dindirilmə zamanı E.Əliyev narkotikləri satışı ilə məşğul olduğunu etiraf edərək, narkotik maddələri Şabran rayon sakini Cavid Məmmədovdan əldə etdiyini bildirib.
RPŞ-nin əməkdaşları tərəfindən Cavid Məmmədov da saxlanılıb və ona məxsus Şabran rayonu ərazisində yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan satış məqsədi ilə kibrit qutularında və sellofan torbalarda qablaşdırılmış ümumi çəkisi bir kiloqramdan artıq olan qurudulmuş marixuana və 5 qramdan artıq tiryək aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlarla bağlı saxlanılan şəxslər barəsində Siyəzən RPŞ-nin İstintaq Bölməsində AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Mehman