Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda su problemi getdikcə ciddiləşir



Newscenter.az.27.07.2020. Son illər ölkəmizdə əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı çoxsaylı Sərəncamlara əsasən istər paytaxt Bakıda, istərsə də respublikanın digər regionlarında əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı işlərin görülməsi bunun bariz nümunəsidir. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib ki, bu da birbaşa içməli su ilə tənzimlənib, öz yerini tapıb. Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyildiyi kimi, 6 ayda aqrar sahədə 2,2 faiz artım əldə edilib. Quraqlıq olmasaydı, daha yüksək göstəricilər qazanmaq mümkün idi. Məsələn, havaların əlverişsiz keçməsi, yəni yağıntıların az olması bir sıra Aran rayonlarında taxıl becərilməsində müəyyən çətinliklər yaratdı. Sözügedən iclasda dövlət başçısı bir daha diqqəti su ehtiyatlarının yaradılması və ondan düzgün, səmərəli şəkildə istifadə edilməsi məsələsinə yönəltmişdir.

İyulun 23-də Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə müzakirə olunan məsələlər, qarşıya qoyulan konkret tələblər bir daha sübut edir ki, su məsələsi ölkədə milli təhlükəsizlik və strateji əhəmiyyətli məsələdir. Və bu sahədə mövcud problemlərin həlli gecikdirilə bilməz.

Ölkədə su ehtiyatlarının yaradılması üçün çoxsaylı tədbirlər həyata keçirilib. Ümumi su tutumu 456 milyon kubmetr olan 4 su anbarı - Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə su anbarları tikilir. Azərbaycanda içməli su təminatı yüksək faiz dərəcəsi ilə göstərilir, Bakı şəhəri ilə yanaşı bütün şəhər, rayon və qəsəbələri əhatə edir. Nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib, onların arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeyd edilməlidir. Bununla yanaşı digər böyük layihələr, Ceyranbatan, Şəmkir və s. su anbarlarının da adını qeyd edə bilərik.

Onu da qeyd edim ki, son illər 96 saylı Goranboy - Naftalan seçki dairəsi üzrə su təsərrüfatının yaxşılaşdırılması sahəsində də xeyli işlər görülüb. Cari ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Goranboy rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında" , mart ayında isə yenidən suya olan tələbatı nəzərə alaraq əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Goranboy rayonunun əhalisi 30378 nəfər olan 16 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusundan əlavə daha 43 subartezian quyusunun qazılması nəzərdə tutulub. Həmin quyulardan artıq 17-nin qazılması prosesi başa çatıb, digər quyuların qazılması işləri isə davam etdirilir. Lakin bununla belə, suya ehtiyac hələ də çoxdur. Dövlətin gördüyü tədbirlər vəziyyəti dəyişsə də bu prosesdə vətəndaşların iştirakı olmadan uğur qazanmaq çətin olacaq. Buna görə də müasir çağırışlara uyğun və əsaslandırılmış su balansı hazırlanmalı, vətəndaşlar vəziyyətin ciddiliyini anlamalı sudan istifadədə diqqətli olmalı və suya qənaət etməlidir.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı
Xəbəri paylaş