Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təlimlər Türkiyənin hər zaman Azərbaycanın yanında olacağının mesajıdır

Təlimlər Türkiyənin hər zaman Azərbaycanın yanında olacağının mesajıdır


Newscenter.az.28.07.2020. “Çoxdan gözlədiyimiz o möhtəşəm gün gəlib çatdı. Bu gün Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək keçiriləcək birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak edəcək Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi texnikaları Bakıya və Naxçıvana gəldi”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, təlimlərə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib:

“Qardaş ölkənin əsgər və zabitlərinə "Xoş gəlmisiniz" deyirik. Birgə təlimlər günü-gündən inkişaf edən Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin və hərbi-texniki əməkdaşlığının təsdiqi və təntənəsidir. Keçirilən hər yeni təlim qardaşlıq əlaqələrimizi daha da möhkəmləndirir. Türkiyə və Azərbaycan ordularının növbəti hərbi təlimlərinin başlaması bir daha qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olacağının mesajıdır. Odur ki, Tovuz döyüşlərindən sonra Türkiyənin qətiyyətli mövqeyindən qorxuya düşən ermənilərin bu təlimlərə necə reaksiya vermələri, Ermənistan KİV-lərinin və ekspertlərinin bu gün başlayan hərbi təlimləri fərqli mövqedən şərh etməyə çalışmaları və xüsusən də Tovuz hadisələri fonunda bunu özlərinə qarşı təhdid adlandırmaları bizi əsla qayğılandırmamalıdır. Tovuz döyüşləri bitər-bitməz, Rusiya və Ermənistan birgə hərbi təlimlərə başladılarsa, Azərbaycan və Türkiyənin də birgə təlimlərə başlaması tamamilə anlaşılandır və bu iki qardaş ölkənin təbii haqqıdır”.

Partiya sədri deyib ki, biz birgə təlimlər keçirmək üçün üçüncü ölkələrdən icazə almalı deyilik:

“Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında hərbi əməkdaşlıq haqqında saziş mövcuddur. Bu təlimlər də həmin sazişə əsasən vaxtaşırı keçirilir. İşğalçı Ermənistan bundan təşvişə düşürsə, qoy düşsün”

Mehman
Xəbəri paylaş