Newscenter.az.23.09.2020. “Abşeron” qaz-kondensat yatağı Azərbaycan üçün böyük və dəyərli bir resursdur. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi “Bu, doğrundan da çox əhəmiyyətli hadisədir. Çünki faktiki olaraq “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır və əminəm ki, bu mərhələ də uğurlu olacaq və beləliklə, Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə, önəmli addıma imza atacaqdır”. Burada 350-360 milyard kubmetr qaz ehtiyatları var. Bu da o deməkdir ki artıq Azərbaycan etibarlı qaz təchizatçısı olacaqdır. Lakin ilkin olaraq bundan daxili tələbat üçün istifadə ediləcək.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov səsləndirib. O, qeyd edib ki, artıq Azərbaycan neft ölkəsindən qaz ölkəsinə keçid alır:
"Cənab Prezident həyatının 9 ilini Dövlət Neft Şirkətində vitse-prezident kimi keçirib. Həmin illərdə qazanılan təcrübə bu gün də görülən işlərdə öz bəhrəsini göstərir və qaz sektorunda da bu uğurlar davam edəcəkdir. Yataqda 100 milyon ton kondensat olması neft və qaz hasilatını sabit saxlamaqda böyük dəstək olacaqdır. Digər tərəfdən TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmidə ildən-ilə artır. Artıq Azərbaycan qazı Türkiyə bazarında ilk yerdədir. Bu layihənin mahiyyəti hər iki ölkə üçün çox mühümdür. Qardaş ölkə ilə əməkdaşlıq siyasi və iqtisadi cəhətdən yüksəlişə doğru atılan addımlardır. Buna görə də “Abşeron” yatağından ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək".
Deputa deyib ki, Azərbaycan bütün dünyada neft ölkəsi kimi tanınır:
"Elə buna görə də neftə və dövlətimizə olan maraqlar sürətlə artmaqdadır. Görülən işlərdə ən böyük yük neftçilərimizin üzərinə düşür. Onların əməyi qəhrəmanlıq sayılır. Neft sahəsində gələcək uğurlarımız da onların əmək və səyləri nəticəsində olacaqdır. Tariximizdə olan Qurban Abbasov, Xoşbəxt Yusifzadə kimi əfsanəvi neftçiləri unutmamalı, onların həyat yolu gənc nəsillər üçün nümunə olmalıdır. Xoşbəxt Yusifzadə bizim əfsanəvi neftçi-geoloqdur. “Abşeron” yatağının işlənməsində onun çox böyük rolu var".
Eldəniz Səlimov bildirib ki, hazırda idxal olunan bütün neft Azərbaycanın maraqlarına xidmət edir:
"Təəssüflər olsun ki, müstəqilliyimizə qədər bu belə deyildi, əks halda Azərbaycan dünyanın ən zəngin ölkələrindən birinə çevrilə bilərdi. Keçmiş dövrdə neftin hasilatı ilə məşqul olan insanlardan biri də Azərbaycanın görkəmli xadimi olmaqla yanaşı, həm də ölkənin neft sənayesinin banilərindən biri olan Hacı Zeynalabdin Tağıyevdir. O, neftin distillə üsulu ilə çıxarılması ilə məşğul olan ilk azərbaycanlılardan biri idi. Tağıyev görkəmli dövlət xadimi Əziz Əliyevin Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumasına kömək edib. Məktəblər tikdirən, o cümlədən Azırbaycanda qızlar üçün məktəb açan Tağıyev həmçinin azərbaycanlıların xaricdə təhsil almasına yardımçı olub, onun pulları sayəsində yüzlərlə gənc İngiltərə, Almaniya, Rusiya və Fransada təhsil alıb, bu gənclər sırasında olduqca məşhur insanlar, o cümlədən Məmməd Əmin Rəsulzadə və Nəriman Nərimanov da vardır. Tağıyev Rusiya imperiyası, İran və Buxara Əmirliyi tərəfindən bir sıra medal və ordenlərlə təltif olunub. Sərvətinin çox hissəsini xeyriyyəçiliyə həsr edən Tağıyev Zeynalabdin çox insanlara yardım edib. Tağıyev kimi Bakıda neft sənayesinin görkəmli nümayəndələrindən biri də Şəmsi Əsədullayev olub. Şəmsi Əsədullayev neftin Rusiyaya daşınmasında buxar gəmisindən ilk istifadə edən milyonçu olaraq tarixə düşüb. Onu öz vətənində məşhurlaşdıran, hörmət və nüfuz sahibi kimi tanıdan var-dövlət sahibi olmasından daha çox mesenantlığı, onlarla, yüzlərlə adama əl tutması idi. Azərbaycan övladları üçün açdığı məktəblər, millətinə göstərdiyi xeyriyyəçilik xidmətləri, ölkənin gələcəyini düşünərək qabiliyyətli gənclərin Rusiya və Avropanın tanınmış ali təhsil ocaqlarında oxumalarına maddi yardımlar etməsi, ixtisası uyğun gələnləri öz zavodlarında və mədənlərində işlə təmin etməsi idi"00.
Deputatın sözlərinə görə, keçmişədə nəzər salanda görürük ki, İkinci Dünya müharibəsində sovet ordusunun Qələbəsində Azərbaycan neftçilərinin xüsusi, müstəsna əməyi olub:
"Bu danılmaz bir faktdır. 1943-cü ildə Bakı neftçiləri cəbhəyə 5 milyon tondan çox müxtəlif neft məhsulları, o cümlədən, 795 min ton benzinin müxtəlif növlərini, 640 min ton solyar, gəmi mazutu və 420 min ton aviayanacaq yollayıblar. Cəbhəni yüksək keyfiyyətli yanacaqla fasiləsiz təmin etmək məqsədilə Bakı neftçiləri özlərinin bütün yaradıcı enerjisini sərf etmişdilər. Bunun müqabilində Sovet İttifaqı Azərbaycana dağılmış iqtisadiyyat, dağılmış neft infrastrukturu miras qoyub. Qeyd etmək lazımdır ki, ikinci dünya müharibəsi zamanı Dağıstana rəhbərlik edərkən Əziz Əliyev Şimali Qafqazın digər müsəlman xalqlarından fərqli olaraq dağıstanlıların köçürülməsinin qarşısını alıb. Bu da Dağıstan-Azərbaycan münasibətlərinin güclənməsinə səbəb olub. Ermənistanın iki dövlət arasında süni gərginlik yaratmaq istəkləri də iflasa uğrayıb. Yenə də qeyd etmək lazımdır ki, Azərbaycan müstəqil dövlət olaraq daim inkişaf edir. Bu inkişafın da əsasında neft və digər təbii resurslar dayanır".
Eldəniz Səlimov qeyd edib ki, hazırda Azərbaycan bütün reytinqlərdə ön cərgələrdədir:
"Neftdən gələn sərmayə dövlətimizin inkişafı, xalqımızın rifahı üçün istifadə edilir. Davos Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdəyik. Bizim digər sosial infrastruktur layihələrimiz də var. Müstəqillik dövründə 3700 məktəb tikilib və təmir edilib. 700-dən çox xəstəxana tikilib və ən müasir avadanlıqla təchiz edilib. Biz kosmik dövlətə çevrildik, biz nəhəng neft-qaz layihələri icra edirik. Təkcə iqtisadiyyat və sənaye sahəsində yox, Eyni zamanda idman sahəsində, Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Sovet dövründə bunu təsəvvür etmək mümkün deyildi. Bizim belə inkişafımıza kölgə salmaq istəyən ünsürlər təbii ki, öz cəzalarını alacaqlar. Gün- gündən çiçəklənən Azərbaycan daim dinamik inkişafı ilə diqqət mərkəzindədir. Sovet vaxtı Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları idi. İndi Bibiheybət buxtası gözəl parklar, istirahət zonalarına çevrilib. Bibiheybət qəsəbəsi indi faktiki olaraq yenidən qurulub. Ekoloji fəlakət zonası olan Balaxanı gözəl bir qəsəbəyə çevrilib. Qara şəhər artıq yoxdur, onun yerində Ağ şəhər var. Sumqayıt bu gün ən təmiz şəhərlərdən biridir. Daim çalışmaq lazımdır ki, gələcək nəsillər görülən hər bir işdən örnək götürsün. Biz kəndlərdə qazlaşdırma, yolların abadlaşdırılması, ekoloji fəlakət zonalarının yenidən qurulmasını təmin etməliyik. Başda cənab Prezidentimiz olmaqla hamımız bunun üçün çalışırıq. Azərbaycan inkişaf edir və edəcəkdə!".
Anar