Newscenter.az.1.10.2020. “Bu gün Azərbaycan Ordusu tarix yazır. Ali Baş Komandanın güclü siyasi iradəsinə əsaslanaraq haqq, ədalət missiyasını yerinə yetirir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva səsləndirib. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin mülki vətəndaşlarımızı qətlə yetirməsindən sonra başlanan genişmiqyaslı əks-hücumun davam etdiyi bu 5 gün ərzində qardaş, dost Türkiyədən, Pakistandan, Ukraynadan, İsraildən və başqa bir sıra ölkələrdən, beynəlxalq təşkilatlardan tam dəstək gördük:
“Lakin digər dövlətlər və təşkilatlar növbəti dəfə ikili yanaşma tətbiq etdilər, dırnaqarası məsləhətlər verdilər. Başa düşə bilmirəm, məgər həmin dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanın necə uşaq, qadın, qoca demədən qətlə yetirdiyini görmürlərmi? Yaxud, Naftalanda 2-i uşaq olmaqla bir ailəni tamamilə məhv etməsini görmürlərmi? Məgər Ermənistan silahlı qüvvələri Tərtəri, Goranboyu, Daşkəsəni, Ağdamı və digər əraziləri bombardman edərkən beynəlxalq hüququn pozulması baş vermirmi? Lakin Azərbaycan əhalisini qorumaq və işğal edilmiş tarixi torpaqlarını geri qaytararkən qanun, hüquq pozmuş olur? Buradan da görünür ki, Azərbaycana qarşı qərəzli mövqe, ikilistandartlı yanaşma açıq-aşkar ortadadır”.
Millət vəkili bildirib ki, bu gün xalq-Ali Baş Komandan-Ordu birliyi öz sözünü deyir: “İnanmayanlar, Azərbaycanı “militarist” adlandıranlar gəlib öz gözləri ilə Qan Bankının qarşısında könüllü olaraq qan vermək istəyən minlərlə insanı, yaxud səfərbərlik idarələri qarşısında könüllü olaraq döyüşmək istəyən minlərlə vətənpərvəri görə bilərlər”.
“Qarabağın azad olunması xalqın istəyidir. 30 ildir məsləhət verdilər bəsdir. Azərbaycan xalqı da 30 ildir səbr etdi, bəsdir. Artıq işğal olunmuş torpaqlarımızın azad olunması 50 milyonluq azərbaycanlının birinci həyat amalıdır” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, döyüşlərlə, tətbiq olunmuş hərbi vəziyyətlə bağlı, şəhidlərimiz, yaralılarımızla bağlı yalnış məlumat yayanlara, xüsusilə də Ermənistan mətbuatının və sosial mediasının yaydığı saxta xəbərləri tirajlayan radikal müxalifətçilər nəzarətə götürülməlidir: “Onlar görünür müharibə şəraitindən istifadə edib ölkədə ictimai-siyasi sabitliyi poza bilmədiklərindən sosial şəbəkələrdə təxribat törətməyə çalışırlar”.
Deputat qeyd edib ki, Azərbaycan xalqı Ordusuna və Ali Baş Komandanına inanır, güvənir: “İnanıram ki, yaxın zamanda torpaqlarımızın azad olunması münasibətilə bir-birimizi təbrik edəcəyik”.
Mehman