Newscenter.az.6.10.2020. Azərbaycanın Ukraynadakı səfirliyi Ermənistanın işğalçılıq siyasəti, cəbhədə baş verən son hadisələr, ölkəmizin mülki vətəndaşlarının qətlə yetirilməsi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən raketlərlə vurulmasına dair yerli KİV-lər üçün mətbuat konfransı keçirib.
Newscenter.az-a səfirlikdən bildirilib ki, mətbuat konfransını açıq elan edən səfirliyin mətbuat katibi Samir Allahverdiyev tədbirdə Ukraynanın nüfuzlu telekanal və informasiya agentliklərinin 40-a yaxın nümayəndəsinin iştirak etdiyini açıqlayıb.
Ermənistanın təxribatı nəticəsində şəhid olan mülki şəxslər və hərbçilər bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən səfir Elmira Axundova bildirib ki, Azərbaycana qarşı yeni təcavüzü çərçivəsində Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, habelə Ermənistanın müvafiq beynəlxalq öhdəliklərini pozaraq, Azərbaycanın mülki əhalisini və infrastrukturunu qəsdən hədəfə alır. Son günlər Ermənistan ərazisindən Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Göygöl, Xızı və Abşeron rayonları raket hücumlarına məruz qalıb. Ermənistan tərəfinin məqsədyönlü atəşləri nəticəsində bu günədək 24 nəfər azərbaycanlı mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb, 300-dən çox yaşayış binası və mülki obyektlər dağıdılıb. Azərbaycan tərəfində Azərbaycanın mülki əhalisi və infrastruktur obyektlərinin məhz Ermənistan ərazisindən, o cümlədən Gorus, Sisyan, Cermuk və Berd şəhərlərindən raket atəşinə tutması barədə tutarlı faktlar var.
E.Axundova bildirib ki, Ermənistan bu cür təxribatları törətməklə üçüncü tərəfi münaqişəyə cəlb etmək istəyir. Dünya ölkələrinin son hadisələrlə bağlı Azərbaycanı dəstəklədiyini vurğulayan səfir ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə, Ukrayna dövlətinə təşəkkürünü bildirib.
Sonra Azərbaycan Müdafiə Nazirliyinin Ukraynadakı hərbi attaşesi polkovnik İlqar Ağayev Milli Ordumuzun uğurlu əks-həmləsi barədə jurnalistləri məlumatlandırıb, Azərbaycanın işğaldan azad olunan əraziləri barədə danışıb. İ.Ağayev bildirib ki, Ermənistan tərəfindən Suriya, Liviya və digər ölkələrdən gətirilən terrorçular, muzdluların döyüşməsi barədə faktlar mövcuddur.
Azərbaycan şəhərlərinin raketlərlə vurulması, işğaldan azad olunan ərazilərimiz, Ermənistan tərəfindən terrorçuların vuruşmasına dair videorolik nümayiş etdirildikdən sonra səfir yeri jurnalistlərin suallarını cavablandırıb.
Tədbirin sonunda E.Axundova Ukraynanın “4-cü” və “Pryamoy” telekanallarına son hadisələrlə bağlı canlı efirə qoşulmaqla müsahibə verib.
Mehman