Newscenter.az.15.10.2020. Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunu atəşə tutmaqda davam edir.
Oktyabrın 14-ü gecə saatlarında düşmən dinc sakinləri hədəfə alıb, ağır artilleriya ilə vasitəsi ilə rayonun ətraf kəndlərə top mərmisi atıb.
Ermənilərin Ağdamın Birinci Baharlı qəsəbəsinə top mərmisi atması nəticəsində iki mülki şəxs yaralanılıb. Evlərə ziyan dəyib.
Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı adekvat cavab tədbirləri görülür.
Məsələ ilə bağlı Baş Prokurorluqdan "Report"a bildirilib ki, Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir:
"15.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.
Bu gün saat 09 radələrində Ağdam rayonu, Birinci Baharlı qəsəbəsində fərdi yaşayış evlərinə mərmi düşməsi nəticəsində 1969-cu il təvəllüdlü Vəliyev Şahsuvar Millət oğlu və 1979-cu il təvəllüdlü Musayev Loğman Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, yaşayış evlərinə isə ciddi ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir".