Newscenter.az.17.10.2020. “Təəssüflər olsun ki, son günlər KİV Gürcüstanın hava məkanı vasitəsilə mümkün hərbi yüklərin daşınması ilə bağlı spekulyasiyaları davam etdirir”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, Gürcüstan öz hava məkanını hərbi yüklərin daşınması üçün bağlayıb:
“Mülki və humanitar daşımalara gəlincə, Gürcüstan bununla bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri tam yerinə yetirir”.
Bildirilib ki, bu növ uçuşlar üçün xüsusi icazə tələb olunmur, mülki uçuşlar isə müvafiq xəbərdarlıq və məlumat əsasında yerinə yetirilir: “Sənəd və informasiyalara əsasən Gürcüstanın hava məkanında uçuşlar Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) beynəlxalq norma və qaydalarına tam cavab verir”.
XİN beynəlxalq hava daşımalarının təhlükəsizliyinin təmin edilməsi və mülki reyslərin digər məqsədlərlə istifadə olunmaması üçün bütün tərəfləri - yük əldə edənlər və göndərənləri daşınmalara ciddi nəzarət etməyə çağırıb: “İlk növbədə, yük daşıyan ölkələr mülki uçuşların yerinə yetirilməsinə görə Çikaqo konvensiyasının prinsip və standartlarına əsasən məsuliyyət daşıyır. Bu qaydalara əsasən, mülki uçuşların hərbi məqsədlərlə qəsdən istifadəsi qadağan olunur”.
Bəyanatda qeyd olunub ki, hər hansı bir pozuntu aşkarlanarsa və əsaslı sübutlar olarsa, Gürcüstan buna sərt reaksiya verəcək və qanunu pozanlar beynəlxalq hüquqa müvafiq olaraq məsuliyyətə cəlb ediləcəklər.