Newscenter.az.20.10.2020. “Azərbaycan bir neçə həftə ərzində, özlərindən və özününkülərdən başqa heç kimə lazım olmayan beynəlxalq təşkilatların 30 il ərzində qurduqları çoxillik planlarını alt-üst etdi. Bəlkə də, ilk dəfə bütün dünyaya sübut etdik ki, sizin yaratdığınız təşkilatlar heç bir əhəmiyyət daşımır. Sadəcə görüntü üçün təsis etdiyiniz bu qurumlar, elə özünüzün maraq və mənafelərinizi təmin etməkdən savayı heç bir fəaliyyətlə məşğul deyillər”.
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Xəyal Bəşirov səsləndirib. Onun sözlərinə görə, bu gün bizə məlum olur ki, 30 ilə yaxın bir dövr ərzində konfliktin sülh yolu ilə həll olunmasına Azərbaycan dövlətindən və xalqından başqa, heç kim, nə o təşkilatlar, nə onlara ağsaqqallıq edən dövlətlər, nə də ki, işğalçı Ermənistan inanmayıb:
“Real görünməsə də, münaqişənin sülh yolu ilə həlli bu müddət ərzində bunu səmimi olaraq gözləyən dövlətimizə itirdiyi əraziləri qazandırmaqla yanaşı, igid övladlarımızın və digər vətəndaşlarımızın həlak olmasının qarşısını da alacaqdı. Ancaq, sülh və danışıqlar yolu ilə bir kəndimizin belə qaytarılacağı təqdirdə fürsətcil beynəlxalq təşkilatlar ən az bir 30 il də, dövlətimizə minnət edəcək, bizi özlərinə borclu sayacaqdılar. Tarix bir daha göstərdi ki, özünün işğalçılıq və terrorçuluq xislətini ortaya qoyan təxribatçı Ermənistan buna şərait yaratmamaqla yanaşı, bizə hərb yolundan başqa bir seçim qoymadı”
Ekspert deyib ki, əslində müharibənin acı nəticələri olaraq düşmənə münasibətdə çox az olsa da, insan itkilərimiz təbii hər birimizi kədərləndirir və narahat edir:
“Ancaq haqq mübarizəmizdə qəhərmanlıqla vuruşan ordumuzun müharibə və qan tökmək yolu ilə işğal edilmiş torpaqlarımızı, eyni yolla düşmənə daha sarsıdıcı zərbələr endirərək qaytarmasını daha doğru hesab edirəm. Çünki, əminəm ki, biri min erməni əsgərinə dəyəcək igid və qəhrəman övladlarımızın qanı hesabına aldığımız torpaqların bir metrini belə bir daha heç bir vəchlə, kimsənin zəbt etməsinə imkan verməyəcəyik. İşğalçı Ermənistana və onun havadarlarına da bir daha sübut etdik ki, bizim üçün bu torpaqlar canımızdan, qanımızdan və hər şeyimizdən daha dəyərlidir. Hər bir nöqtəsində igid və qəhrəman şəhidlərimizin qanının töküldüyü o torpaqlar, Azərbaycan adlı məmləkətin qudsiyyəti ilə seçilən ən müqəddəs hissələrindən biridir”.
Mehman