Newscenter.az.21.10.2020. “Son illər həyata keçirilən fundamental islahatlar təbii ki, təhsil sahəsində islahatlarla da müşayət olunur. Həmin islahatları reallaşdırmağa imkan verən amillərdən biri də qanunvericilik bazasının təkmilləşdirilməsidir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Emin Hacıyev səsləndirib. O, qeyd edib ki, cəmiyyətimizin savadlı, təhsilli olmasından danışarkən üstündə dayanacağımız mühüm məqamlardan biri çoxdilli insanların yetişdirilməsidir:
“Dil bilgisinin nə qədər önəmli olduğunu biz bu gün bütün dünyada apardığımız informasiya müharibəsində bir daha müşahidə etdik və bu müharibədə qalib olmağımızın ən gözəl nümunəsini Ali Baş Komandanın timsalında gördük. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Qarabağla və Ermənistanın təxribatları ilə bağlı bir neçə dildə yüksək səviyyəli müsahibələr verməsi, nəinki heç bir dili orta səviyyədə belə bilməyən Paşinyanı, hətta ölkəmiz əleyhinə dezinformasiyalar yayan xarici telekanalları belə mat qoydu”.
Deputat belə bir faktdan yola çıxaraq bir neçə vacib amilə diqqət çəkib. Bildirib ki, bəzi insanlar rusdilli, ingilisdilli gənclərin yetişdirilməsini qlobal güclərin keçici hegemonluğuna boyun əymək, öz dilimizi inkişaf etdirməmək kimi qiymətləndirməyə can atır:
“Bu gün ümumi inkişafdan kənarda qalmamağın yollarından biri də dünya dillərini mənimsəməklə bağlıdır. Dil bilgisi heç bir ölkənin maraqlarına xidmət etmir. Əksinə, məsələn rus və ingilis dillərində böyük ədəbiyyat və informasiya bazaları var. İkincisi, beynəlxalq informasiya bazasındakı məlumatları, dünya tarixi və ədəbiyyatındakı bütün yeniliklər ruscadan, ingiliscədən daha tez Azərbaycan dilinə tərcümə edib yaymaq o qədər də asan deyil. Buna görə də xarici dillərin bütün insanlar üçün, xüsusilə bütün şagirdlər üçün əlçatanlığı təmin olunsa, daha yaxşı olar. Digər bir məqam ondan ibarətdir ki, hər bir vətəndaşımız xaricidilli özəl təhsil müəssisəsində oxuyaraq mükəmməl dil öyrənmək imkanına sahib deyil. Ona görə də düşünürəm ki, müvafiq qurumlar xarici dillərin bu gün hər kəs üçün əlçatanlığını təmin etməkdən ötrü optimal yollar üzərində düşünməlidir. İnkişaf etmiş xalqların uşaqları, gəncləri nəinki təkcə rus və ingilis, bununla paralel olaraq ispan, fransız və alman dillərinin öyrənilməsinə də vaxt və vəsait sərf edir. Mən “xarici dillərin əlçatanlığının təmin olunması nə qədər vacibdir” məntiqini əsaslandırmaq üçün qonşumuz və qardaş ölkə Türkiyənin təcrübəsini misal çəkmək istəyirəm. Türkiyədə işə qəbul zamanı xüsusilə Biznes və Beynəlxalq münasibətlər sahəsində ikinci dil kimi ingilis dilinin vacibliyi qeyd olunur”.
Emin Hacıyev deyib ki, bu bir çox hallarda Azərbaycanda da belədir. Lakin iqtisadi əlaqələrin genişlənməsi, ticarət sektorunun və turizmin inkişafı alman, çin, rus, ərəb və yapon dillərini də ən önəmli xarici dillərə çevirib:
“Bundan başqa karyera qurmaq istəyənlər üçün italyan, ispan və fransız dilləri də xüsusi əhəmiyyət kəsb edib. Çox dil bilmənin əhəmiyyətinin insan yetişdirmə məsələsindəki yeri barədə də bir iki cümlə demək istərdim. Mütəxəssislərin araşdırmaları göstərir ki, iki və daha artıq dil bilənlər daha yüksək təhlil qabiliyyətinə malik olur, hərtərəfli düşünə bilirlər. Əlavə dil beynin düşünmə qabiliyyətini daha da artırır. Bu günkü vəziyyət-Qarabağ uğrunda müharibənin getdiyi vaxt bizim üçün digər bir cəbhənin-informasiya müharibəsi cəbhəsinin də nə qədər vacib olduğunu göstərdi. Biz bu müharibədə də qalib olmaq, beynəlxalq mediaya, beynəlxalq informasiya platformalarına çıxmaq üçün xarici dillərin nə qədər mühüm əhəmiyyət daşıdığını gördük. İstər məktəbdə, istərsə də məktəbdənkənar məşğələlərdə xarici dillərin təmənnasız öyrədilməsi zamanın tələbidir. Mən bu qənaətdəyəm ki, hansı təbəqəyə mənsub olmasından asılı olmayaraq, hər bir vətəndaşımız üçün dil bilgiləri almaq imkanının təmin olunması üzərində ciddi düşünülməli, mümkün imkanlar reallaşdırılmalıdır”.
Mehman