Newscenter.az.21.10.2020. Bildiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bu ilin sentyabr ayının 27-dən etibarən Azərbaycanın cəbhəyanı ərazilərində ordumuza və dinc sakinlərimizə qarşı təxribat cəhdlərinə cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlamışdır. Əks-hücum əməliyyatları nəticəsində düşmən ordusu geri çəkilməyə məcbur edilsə də müxtəlif təxribatlara yenidən cəhdlər edərək dinc vətəndaşlarımızı hədəf almaqda davam edir.
Düşmənin bütün məkrli hərəkətlərinə qarşı Azərbaycan Ordusu tarixi və əzəli torpaqlarımızı işğaldan azad etmək və ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində daim qətiyyətlə mübarizə aparır, uğurlu əks-hücum əməliyyatlarını davam etdirir. Ermənistan illərdir işğal altında saxladığı tarixi Dağlıq Qarabağ və ətrafındakı 7 rayonumuzda həyata keçirdiyi terror əməliyyatlarını, eləcə də beynəlxalq hüquqla qadağan edilmiş qanunsuz məskunlaşma siyasətini davam etməklə dünyadakı əsl təxribatçı, işğalçı və terrorçu mahiyyətini bir daha ortaya qoymuş olur.
Qürurla qeyd etmək lazımdır ki, Azərbaycan Ordusu özünün haqlı mübarizəsində əsas amalının və missiyasının məhz Azərbaycanın beynəlxalq hüquqla tanınan və qəbul edilən ərazi bütövlüyünün bərpası üçün mübarizə olduğunu bəyan edib və bu mübarizədə Ermənistandan fərqli olaraq yalnız hərbi hədəfləri zərərsizləşdirir.
Ölkəmiz Ermənistanın torpaqlarımızı işğaldan azad etməsi ilə bağlı 30 ilə yaxındır ki, sülh danışıqları aparır. Bununla da məqsədinin qan tökmək deyil, BMT Təhlükəsizlik Şurasının tarixi torpaqlarımızın erməni işğalından qeyd-şərtsiz azad edilməsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsi olduğunu sübut edib. Ancaq beynəlxalq hüquqa məhəl qoymayan, özünün siyasi rəhbərliyinin sərsəm açıqlamaları ilə dəfələrlə gündəmə gələn Ermənistan işğalçılıq siyasətinin nəticəsini özü əvvəlcədən dərk etməli idi.
Təəssüflər olsun ki, sülh danışıqları, beynəlxalq qətnamə və sənədlər yalnız kağız üzərində qalaraq Ermənistanı öz siyasətindən çəkindirə bilməmiş və bunun nəticələri bu gün özünü göstərməkdədir.
Bu gün Azərbaycan öz haqlı mübarizəsini təkcə cəbhədə deyil, eyni zamanda bütün dünya ölkələrinə, beynəlxalq təşkilatlara, eləcə dünya ictimaiyyətinə və mediasına çatdırmaqla siyasi və diplomatik sahələrdə də uğurla davam etdirir.
Ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasi iradəsi, yorulmaz fəaliyyəti və Azərbaycan xalqının milli maraqlarının ən böyük müdafiəçisi və təbliğatçısı kimi dünyanın tanınmış, geniş auditoriyaya malik televiziya kanallarına verdiyi müsahibələr isə dünya ictimaiyyətinin məlumatlandırılması baxımından olduqca mühüm və əhəmiyyətlidir. Xüsusilə bu işdə qardaş Türkiyənin kütləvi infirmasiya vasitələrinin ölkəmizə dəstəyi və Qarabağ həqiqətlərinin dünyaya tanıdılması, Azərbaycanın tarixi torpaqları uğrundakı haqlı savaşına xüsusi diqqət ayırması yüksək təqdirəlayiqdir. Cənab Prezident verdiyi bütün müsahibələrdə bir sıra mühüm və taleyüklü məsələlərə aydınlıq gətirmişdir.
Bu günkü reallıq ondan ibarətdir ki, Ermənistan tərəfi döyüş meydanında uduzduğu üçün öz yırtıcı mahiyətini mülki insanlara hücum etməklə bir daha sübut edir. Onların bu qeyri-insani əməlləri 1992-ci ildə Xocalı soyqırımı zamanı da özünü kəskin formada göstərib. Bütün dünyada öz çirkin niyyətləri ilə seçilən, insanlıq əleyhinə ən böyük cinayətlərin müəllifi olan ermənilər Gəncəyə, Tərtərə, Beyləqana, Ağcabədiyə və digər yaşayış məntəqlərimizə atəş açmaqla təkcə azərbaycanlılara qarşı deyil, bütün dünyaya qarşı real təhlükə olduğunu nümayiş etdirir. Heç bir hərbi hədəfin mövcud olmadığı, yalnız dinc insanların yaşadığı yerlərin erməni silahlı qüvvələri tərəfindən raket hücumlarına məruz qalması və günahsız insanların – uşaqların, gənclərin, yaşlıların öldürülməsi onların hərb meydanında nə qədər aciz qaldıqlarını göstərir.
Hətta özünün bütün cəhdləri və yalvarışları ilə humanitar məqsədlər üçün, cəsədlərin götürülməsi, əsirlərin dəyişdirilməsi üçün atəşkəs elan olunmasına baxmayaraq Ermənistan bu atəşkəsdən sui-istifadə etmək istəyərək, bir gün keçməmiş Gəncəyə namərd hücumu təşkil etdi. Ondan sonra digər şəhərlərimizi vurmağa başladı və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular. Lakin Azərbaycan Ordusu dinc sakinlərimizin qisasını yalnız döyüş meydanında alaraq hərbi hədəfləri məhv etməklə Ermənistan ordusunun çoxsaylı canlı qüvvə, silah-sursat, ağır texnika itirərək geri qaçmasına səbəb oldu. Bununla da Ermənistan tərəfinin öz ordusu ilə bağlı tarixən formalaşdırdığı və təbliğatını apardığı "gücü” darmadağın edildi. Hesablamalara görə, bu günlər ərzində Ermənistan ordusuna təxminən 2 milyard dollar ətrafında ziyan dəyib və bu, davam edir.
Bütün bunlara baxmayaraq mərd, qeyrətli Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayır və bütün bu çətinliklərə dözür. Onları birləşdirən bir amal var –Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarımızda qaldırılması və ərazi bütövlüyümüzün bərpa edilməsi. İtkilərimiz bizi son dərəcə məyus və kədərli etsə də yeni zəfər müjdələrinə doğru inamla addımlayırıq. Azərbaycan xalqı iradəlidir. Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlətdir. Ərazi bütövlüyümüzün bərpası bir nömrəli vəzifəmizdir. Bu vəzifənin sona qədər davam etdirilməsi və bayrağımızın bütün işğal altındakı torpaqlarımızda qürurla dalğalandırılması üçün Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz və xalqımız əsl birlik, həmrəylik nümayiş etdirir. Heç bir qüvvə xalqımızın iradəsini sındıra bilməz və bizi milli məqsədlərimizdən ayıra bilməz. Azərbaycan haqq yolundadır və haqq mübarizəsini sonadək aparacaq. Qarabağ Azərbaycandır!
Kubra Əliyarlı,
Binəqədi Bələdiyyəsinin Mətbuat və Gənclərlə İş üzrə Komissiyasının sədri,
YAP Binəqədi rayon təşkilatının baş məsləhətçisi, Qadınlar Şurasının üzvü, Gənclər Birliyinin Şura üzvü