Newscenter.az.22.10.2020. Xudafərin körpüsü üzərində oktyabrın 18-də üçrəngli bayrağımızın dalğalandırılması və Azərbaycan-İran sərhəddində sərhəd-keçid məntəqəsinin yaradılması mühüm tarixi, siyasi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının İranla dövlət sərhəddinin bütün hissəsində ilk dəfə olaraq müstəqil ölkənin sərhəd qoşunlarının keşikçiləri dayanmaqdadır.
Azərbaycanın yaxın keçmiş tarixi hər kəsə bəllidir, ötən yüzilliklərdə müxtəlif tarixi-siyasi reallıqlar səbəbindən sərhədlərimizin müstəqil dövlət kimi sərhədçilərimiz tərəfindən qorunmasını təmin etmək mümkün olmamışdır. Azərbaycan Sovetlər Birliyinin üzvü olanda isə 70 il sərhədlərimizi sovet sərhədçiləri qorumuş, son 30 ildə Ermənistanla müharibə sərhədçilərimizin öz ərazilərində keşik çəkməsinə imkan verməmişdir. Nəhayət 100 ildən sonra müstəqil Azərbaycan dövlətinin öz əsgəri öz sərhəddində keşik çəkir.
Beləliklə, bu, son 100 ilin möhtəşəm tarixi hadisəsidir. Xudafərinin erməni işğalından azad edilməsi müstəqil Azərbaycanın şanlı tarixinin yeni şərəfli səhifəsidir. Bu 100 illik həsrət son qoyduğuna görə, hər bir azərbaycanlı Ali Baş Komandan, Prezident İlham Əliyevə dərin minnətdardır.
Cənab Prezidentin Dövlət Sərhəd Xidmətinin rəisi və bütün şəxsi heyətini Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması münasibətilə təbriki də müstəqil Azərbaycanın sərhəd qoşunlarının yeni tarixi missiyasına başlamasını göstərən qürurverici haldır.
Xudafərin üzərində Azərbaycanın sərhəd nəzarətinin fəaliyyətinin təmin edilməsi qonşu İran İslam Respublikası ilə də yeni siyasi və iqtisadi tələbləri meydana çıxarır. İlk növbədə, Azərbaycanın İranla energetika sahəsində bir neçə il əvvəl imzaladığı sazişlərin icra edilməsinə dərin zəmin yaradır.
Məlum olduğu kimi Ermənistanın işğalçılıq siyasəti həmin sazişin icrasına mane olurdu. 2016-cı ilin fevral ayında Tehranda Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinə dair saziş imzalansa da erməni işğalı layihənin reallaşmasını imkan vermirdi, indi isə sazişin icrasına heç bir mane qalmır.
Yeri gəlmişkən, indiyə qədər bəzi siyasi və ictimai qüvvələr sanki Azərbaycan torpaqlarının erməni işğalında daimi qalacağına dair sərsəm iddialarla çıxış edərək İranla imzalanmış həmin sazişin Ermənistanın mənafeyinə xidmət etdiyini düşünürdülər. Guya bu layihələr işğalçı Ermənistanla İran arasında kommunikasiyanı gücləndirəcək, bizim dövlətin milli maraqlarına xidmət etmir. Həmin sazişin preambulasında göstərilib ki, tərəflər BMT TŞ-nın məlum 4 qətnaməsinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini nəzərə alaraq müqaviləni imzalayıblar. İran və Azərbaycan bir-birinin suverenliyini, ərazi bütövlüyü və mənafelərini əsas tutaraq Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərəcəklər. Bu isə birmənalı olaraq rəsmi Tehranın Azərbaycanın ərazi bütövlüyünə hörmətin ifadəsidir.
Beləliklə, Xudafərin üzərində Azərbaycan bayrağının dalğalanması bir daha təsdiq etdi ki, qeyd edilən sazişi imzalamaqla Azərbaycan dövləti qarşıya qoyduğu bütün məqsədlərə çatmağı tam qətiyyətlə bacaran və regionda və dünyada nüfuzu olan güclü dövlətdir. Bu, saziş Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti real nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik və güclü siyasətçi, strateq kimi baş verə biləcək prosesləri həddindən artıq dəqiqiliklə təhlil etdiyini, siyasi-hərbi vəziyyəti əsil dahi siyasi xadim kimi proqnozlaşdırmaq məharətini nümayiş etdirdi.
Onu da unutmayaq ki, İran və Azərbaycan dərin tarixi köklərə və ənənələrə malik dost ölkələrdir. Zəngin adət-ənənə və mədəniyyətə, dinə, yaxın qonşuluq əlaqələrinə malik hər iki ölkə davamlı olaraq münasibətləriin yüksələn xətt üzrə inkişafına möhkəm təməl yaratmışdır. Ulu öndər Heydər Əliyevin İrana səfərləri, eləcə də İran İslam Respublikasının dövlət başçılarının, hökumət üzvlərinin qarşılıqlı səfərləri əlaqələrin inkişafında mühüm rol oynamışdır.
Son illərdə Prezidentlər İlham Əliyev və Həsən Ruhaninin, xarici işlər nazirlərinin intensiv görüşləri, imzalanan mühüm dövlət sənədləri, eləcədə əldə olunmuş razılıqlar Azərbaycan və İran arasında sabit siyasi və iqtisadi inkişafı daha da möhkəmləndirmişdir.
Rəsmi Tehran hər zaman beynəlxalq hüququ, dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunmasını əsas tutaraq Dağlıq Qarabağ münaqişənin yalnız dövlət sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll olunmasını bəyan edibdir.
Ermənistanda faşist ideologiyasını həyata keçirən baş nazir Nikol Paşinyanın İrana səfəri zamanı müxtəlif təxribat xarakterli siyasi cəhdlərinə baxamayaraq, Tehran Azərbaycanla dost, qarşılıqlı ehtiram prinsiplərinə sadiqliyini nümayiş etdirməklə işağlçı dövlətin bədniyyətli addımlarına ağır zərbə vurub.
İran Qarabağdakı separatçı rejimin qəbuledilməz olduğunu, 2020-ci ilin aprel ayında qondarma Dağlıq Qarabağ Respublikasında keçirilən saxta prezident seçkilərini tanımadığını bildirməklə bir daha Azərbaycanın ərazi bütövlüyünə dərin hörmətini ifadə etmişdir.
Sentyabr ayının 27-də işğalçı Ermənistanın Azərbaycana qarşı təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başlatdığı uğurlu əks-hücüm əməliyyatları və işğal altında olan torpaqların azad olunması ilk gündən İran tərəfindən dəstəklənmiş, İran Prezidenti, xarici işlər naziri, digər dövlət rəsmiləri, millət vəkilləri Azərbaycanın haqq səsini müdafiə etmiş, erməni terrorizmini pisləyərək hərbçilərimizin və mülki vətəndaşlarımızın şəhid edilməsindən təəssüfləndiyini bildirmişlər. Rəsmi Tehran bu davranışı ilə bir daha Azərbaycanın yanında olduğunu nümayiş etdirir, sadiq dostluğunun nümunəsi hesab edilə bilər.
Bu çətin günlərdə İranın müxtəlif sahələrində çalışan 22 həkimin Azərbaycanda döyüş zonalarında könüllü olaraq fəaliyyət göstərmək üçün ölkəmizin İran İslam Respublikasındakı səfirinə müraciət ünvanlaması qürur və sevinc hissi doğurur. Bu, bir daha tarixi dostluğun, qədim ənənələrimizə sadiqliyin ifadəsidir.
Beləliklə, Azərbaycanı və İran arasında dövlət sərhəddinin tamamilə bərpa edilməsi və sərhəd-keçid məntəqələrinin qurulması iki ölkə arasında siyasi, iqtisadi, ticari əlaqələrinin artmasına müsbət təsir göstərəcəkdir.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor