Newscenter.az.28.10.2020. “Ermənistanın növbəti dəfə döyüş meydanından yüzlərlə kilometr kənarda yerləşən Bərdə şəhərində mülki obyektlər, kənd və qəsəbələrə raket atması bir daha bu ölkənin terror dövləti olduğunu sübuta yetirir”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov oktyabrın 28-də Ermənistanın Bərdə şəhərini növbəti dəfə raket zərbəsinə məruz qoymasına münasibət bildirərkən səsləndirib. O, qeyd edib ki, Gəncənin ardınca Bərdə şəhərində mülki obyektlərin, dinc insanların hədəfə alınması 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir:
“Döyüş meydanında Azərbaycan Ordusunun zəfəri, uğurları qarşısında duruş gətirə bilməyən, uzun illər işğal altında saxladığı torpaqlarımızdan çıxmaq məcburiyyətində qalan Ermənistan bunun əvəzini dinc insanları hədəfə almaq, onları qətlə yetirməklə çıxmağa çalışır. Hesab edirəm ki, Ermənistan dövlətinin bu kimi terrorçu hücumlarına qarşı dünya birliyi, beynəlxalq aləm qəti və təxirəsalınmaz tədbirlər görməlidir. Məhz cəzasızlıq sindromunun göstəricisidir ki, düşmən hər ötən gün daha da azğınlaşıb mülki insanlarımızı qətlə yetirir, qadağan olunmuş silahlardan istifadə edərək dinc vətəndaşlarımıza qarşı terror törədir. Təsəvvür edin, təkcə bu gün Bərdəyə edilən terror hücumu zamanı 14 dinc sakin həyatını itirib, 40-dan çox vətəndaşımız müxtəlif dərəcəli xəsarət alıb. Məgər ədalətdən, sülhdən, insan haqlarından danışan dünya bu dəhşəti görmür? Nə vaxta qədər onlar Ermənistanı müdafiə etməklə dinc, günahsız insanların qanının axıdılmasını seyr edəcəklər?”.
İlham Məmmədov onu da deyib ki, Ermənistanın xarici siyasət idarəsi rəhbərlərinin Cenevrə danışıqları ərəfəsində Bərdədə terror aktı həyata keçirməsi təsadüfi deyil və düşmən ölkə konkret olaraq heç bir sülh danışıqlarında maraqlı deyil:
“Əks təqdirdə Fransa, Rusiya və Birləşmiş Ştatlardan imdad diləyib nail olduğu humanitar atəşkəsə əməl edərdi. Diqqət edin, indiyə qədər adlarını çəkdiyimiz hər üç ölkənin təşəbbüsü ilə tərəflər arasında humanitar atəşkəs elan olunub və hər dəfə də humanitar atəşkəsi məhz Ermənistan tərəfi pozub. Birinci və ikinci humanitar atəşkəs razılığı zamanı Gəncə şəhəri, bu dəfə isə Bərdə düşmənin raket hücumlarına məruz qaldı. Düşünürəm ki, artıq Ermənistanla hansısa formada danışıqlar aparmaq da yersizdir. Çünki düşmən öz çirkin əməlləri, beynəlxalq hüquq və normalara zidd fəaliyyətləri ilə bir daha təsdiqləyir ki, Qarabağ probleminin hərbdən, müharibədən başqa yolu yoxdur”.
Deputat qeyd edib ki, Ermənistanın dinc vətəndaşlarımıza qarşı həyata keçirdiyi terror aktının cavabı qətiyyətlə verilməli, qətlə yetirilən vətəndaşlarımızın qanı yerdə qalmamalıdır:
“Bütün bu hücumlar, terror aktları Azərbaycanı haqq işi uğrunda mübarizədən yayındırmağa hesablanıb. Ancaq Cənab Prezident İlham Əliyevin dediyi kimi bizi heç bir qüvvə bu yoldan çəkindirə bilməz. Çünki bir torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə aparırıq”.
Anar