[center]
Newscenter.az.24.11.2020. Sosial şəbəkələrdə və digər kanallar vasitəsilə üzə çıxan videolardan, fotolardan görürük ki, Ermənistan hərbçiləri nasistlər kimi davranaraq hərbi əsirlərə işgəncələr verir, meyitləri təhqir edirlər. Bu cür barbar, vandal, anti-humanist davranışlarla Ermənistan bir daha faşist mahiyyətini isbatlayır. Hərbi əsirlərə işgəncə verməklə, meyitləri təhqir etməklə Ermənistan bütün mənəvi və hüquqi sərhədləri aşdığını sübut edir.
Hazırda ən çox haqqında danışılan hərbçilərimiz Amin Musayev və Bayram Kərimov barədə hər kəsin narahatlığı var. Onların sosial şəbəkələrdə yayılan işgəncə videolarından sonra Ermənistan tərəfindən hərbçilərimiz barədə heç bir məlumat verilmir. Əlbəttə, onların ailələri kimi bütün Azərbaycan cəmiyyəti narahatdır ki, Ermənistan hərbçiləri onlara qarşı qeyri-insani hərəkətlər edər, həyatına ciddi təhlükələr törədə bilərlər. Beynəlxalq qanunvericiklə bu cür situasiyalarda məsuliyyəti üzərinə götürməli olan mühüm təşkilatlardan biri məhz Beynəlxalq Qızıl Xaç Komitəsidir. Sosial şəbəkələrdəki ab-havadan aydın görünür ki, Azərbaycan ictimaiyyətinin bu komitədən gözləntisi böyükdür. Bu təşkilatın nümayəndələri beynəlxalq hüququ əsas götürməklə dərhal hərəkətə keçməli və Amin Musayev, Bayram Kərimov barədə məlumat əldə etməli, onların azad olunması istiqamətində işlərə başlamalıdır. Daha bu təşkilatın nümayəndələri hansısa kriteriyanı əsas götürüb Ermənistan tərəfinin razılığını gözləməməlidir.
Amin Musayevin, Bayram Kərimovun hüquqları 1949-cu il Cenevrə Konvensiyaları, 1977-ci ildə qəbul olunmuş Əlavə Protokollarla qorunur. Əgər sözügedən beynəlxalq qanunvericiliyin cəmi 20 müddəası daxili silahlı münaqişələrə aiddirsə, 500-ə yaxın maddəsi beynəlxalq müharibələrə həsr olunub. Məhz bu konvensiyalarda və əlavə protokollarda təsbit olunub ki, təslim olan və ya hərbi əməliyyatlarda artıq iştirak etməyən hərbçini öldürmək və yaxud ona xəsarət yetirmək qadağandır. Eyni zamanda, yaralılar və xəstələr yerdən götürülməli, onlara lazımi yardım göstərilməlidir. Əsir götürülmüş döyüş iştirakçıları həyatına, ləyaqətinə, şəxsi hüquqlarına və əqidələrinə hörmət edilməsi hüququna malikdirlər. Onlar istənilən zorakılıq aktlarından müdafiə olunmalıdırlar. Onlar öz ailələri ilə məktublaşmaq və kömək almaq hüququna malik olmalıdırlar. Hər hansı bir hərbçi əsir götürüldükdə, o, hərbi əsir statusuna malik olur və beynəlxalq humanitar hüquq ona hörmət etməyi və istənilən şəraitdə onunla humanist rəftar etməyi tələb edir. Bütün bu məqamlar tələb edir ki, Beynəlxalq Qızıl Xaç Komitəsi kimi təşkilatlar Amin Musayevin, Bayram Kərimovun hüquqlarının təmin edilməsini yerinə yetirsinlər.
Amin Musayevin və Bayram Kərimovun talehi ilə bağlı məsələdə beynəlxalq hüquq ciddi şəkildə sınağa çəkilir. Məhz bu problemin həllində beynəlxalq hüquq və bu hüquqların təminatçısı olan təşkilatların davranışları bütün mənzərənin necə olduğunu nümayiş etdirəcəklər. Azərbaycanın iki hərbçisinin həyatı barədə məlumat almaq, onların Vətəninə qaytarılmasına birbaşa məsul olan Beynəlxalq Qızıl Xaç Komitəsi özü barədə fəaliyyətsizlik və məsuliyyətsizlik fikri yaratmamalıdır. Eyni zamanda, insanların hüquq və azadlıqlarına məsul olan təşkilatlar da tədbir görməlidir. Human Rights Watch, Amnesty İnternational kimi təşkilatlar hər gün insan hüquqlarından dəm vururlar, lakin bu məsələdə harada olduqları bilirmir, niyəsə səsləri çıxmır? Yaxud da, beynəlxalq media qurumları ya səssiz qalmağa, ya da mahiyyəti bilinməyən reportajlar yayımlamağa üstünlük verirlər. Hətta, sosial şəbəkələrin youtube, facebook kimi seqmentləri Amin Musayev və Bayram Kərimov haqqında video materialların nümayişinə bloklar qoyur, məhdudiyyətlər tətbiq edirlər. Bu cür ayrı-seçkilik mənzərələri heç də xoş təsir bağışlamır. Görünür, artıq Amin Musayev və Bayram Kərimov məsələsi prinsipial milli məsələyə çevrilməkdədir. Bu səbəbdən də, qalib xalq olaraq beynəlxalq qanunvericiliyə istinad etməklə müvafiq beynəlxalq təşkilat və qurumları məsələyə daha çox və ciddi şəkildə diqqət ayırmasına məcbur etməliyik.
Sədaqət Vəliyeva-Milli Məclisin deputatı