Newscenter.az.24.11.2020. “Düşmənin ikinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə uğraması deyəsən erməni siyasətçilərini ağıllandırmağa, onları reallıq hissinə qaytarmağa və real düşünməyə vadar etməyə başlayıb”.
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov bildirib ki, bunu erməni eksperti Suren Sarkisyanın özünün Facebook səhifəsində yazdığı fikirlər, etiraflar da təsdiqləyir: “Ermənistan rəsmilərinin əsaslı səhvləri nəticəsində tezliklə agır bir gerçəkliklə qarşılaşacağıq. Beləliklə, xarici siyasət prioritetimiz yalnız təhlükəsizlik faktoru olacaq və hər şey bunun ətrafında dönəcək və qurulacaqdır. Ermənistan beynəlxalq hüququn subyekti və "az-çox" müstəqil dövlət - aktor kimi çökəcək. Artıq özümüzü bölgədə bir deyil, iki Ermənistan dövlətinin təhlükəsizliyini təmin edən, döyüşə hazır orduya sahib bir dövlət kimi göstərə bilmərik. Artıq Ermənistan Artsaxın təhlükəsizliyinin qarantı deyil, bu da bölgədəki kompleks təhlükəsizlik balansında dəyişiklik nəzərdə tutur. Bundan sonra Ermənistan öz təhlükəsizliyinin də qarantı deyil. Ermənistan artıq daha güclü bir dövlətlə mübarizə aparan və qələbə qazanan bir dövlət kimi görünməyəcək. Artıq çoxşaxəli, balanslı və tamamlayıcı xarici siyasətimiz olmayacaq. Xarici siyasətimiz "fürsətcillik" olacaq. Qurulan geosiyasi və regional reallıqlara uyğunlaşacağıq”,-deyən S.Sarkisyan XX əsrin əvvəlində Rusiyanın, Fransanın və digər beynəlxalq güclərin dəstəyi ilə qondarılmış erməni “dövləti”nin yenidən son 25-30 ildəki təcavüzkar “qüdrətli” bir quruma çevriləcəyinə ümidini itirmir. Bu fəlakətin nəticələrini azaltmaq mümkündürmü? Düşünürəm ki, hələ bir şans var. Ancaq bu şansın ilkin şərti mövcud hökumətin son "şöbə müdirinə" qədər ləğv edilməsidir”.
Partiya sədri qeyd edib ki, 44 günlük müharibədəki məğlubiyyət əslində bundan sonra Ermənistanda hakimiyyətə gələcək bütün siyasi qüvvələr üçün dərs olmalıdır:
“Onlar işğalçı siyasətdən, terrorçuluqdan həmişəlik əl çəkməlidirlər. Əks təqdirdə, Ermənistan özü bir dövlət kimi tamamilə çökə və siyasi xəritədən silinə bilər”.
Mehman