Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərenerji” daha bir mühüm layihənin həyata keçirilməsinə başlayıb-VİDEO



Newscenter.az.26.11.2020. “Azərenerji” reaktiv gücün kompensasiyası istiqamətində əhəmiyyətli layihə gerçəkləşdirərək Qarabağ və ətraf rayonları əhatə edən 330 kilovoltluq “Goranboy” Paylayıcı Məntəqəsində və Respublikanın Şimal-Şərq rayonları, eləcə də Abşeron yarımadasını əhatə edən 330 kilovoltluq “Yaşma” yarımstansiyasında idarəolunan şuntlayıcı reaktorlar quraşdırır.

Bu barədə Newscenter.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycanın enerji sisteminin 2 əsas düyün nöqtəsində qoyulan şuntlayıcı reaktorlar yüksəkgərginlikli 330 kilovoltluq elektrik verilişi xətlərinin tutum reaktiv gücünü qəbul edərək tənzimləməklə yanaşı rejim imkanlarını yaxşılaşdıracaq və bununla da reaktiv yükün kompensasiyasını təmin edəcək. İdarə olunan şuntlayıcı reaktorlar xətlərin ötürmə qabiliyyətini artırmaqla bərabər texniki itkiləri azaldacaq və bununla yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və maliyyə vəsaitlərinə qənaət etmiş olacaq.

Bununla yanaşı idarəolunan şuntlayıcı reaktorun quraşdırıldığı strateji əhəmiyyətli 330, 220, 110, 10 kilovoltluq “Yaşma” yarımstansiyası əsaslı şəkildə yenidən qurulur. Respublikanın Şimal-Şərq rayonlarının, eləcə də Abşeron yarımadasının enerji təchizatında mühüm əhəmiyyət kəsb edən, Rusiya və Azərbaycan enerjisistemləri arasında yük mübadiləsini həyata keçirən mühüm düyün nöqtəsi olan “Yaşma” yarımstansiyası 50 il əvvəl tikildiyindən istismar müddətini başa vurub və buna görə də tez-tez qısaqapanmalara, enerjisistemdə qəza vəziyyətinin yaranmasına səbəb olurdu. Bunun üçün müasir tələblərə cavab verən yeni avadanlıqlar quraşdırılmaqla, avtotransformatorlar daha güclüləri ilə əvəz edilir, açıq paylayıcı qurğular genişləndirilir. Yarımstansiyada müasir avadanlıqlarla təchiz ediləcək yeni inzibati idarəetmə binası tikilir. Onu da qeyd edək ki, "Yaşma" yarımstansiyasına yeni tikilən “Qobu” yarımstansiyasından 330 kV-luq hava xəttinin çəkilməsinə başlanılıb.


Sevinc
Xəbəri paylaş