Newscenter.az.12.12.2020. Tarix sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əhəmiyyətli rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 17 il ötür.
Müasir Azərbaycanın xilası və quruculuğu məhz xalqımızın Ulu Öndəri Heydər Əliyevin adı ilə bağlıdır. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu Öndər bu iki keyfiyyəti özündə ehtiva etməklə yanaşı, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.
Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, səbat, diqqət və başqa cəhətlər də Heydər Əliyevin fərdi naturasının özgün çalarları idi.
Müstəqilliyimizin ilk illərində dövlətimiz humanitar fəlakət, daxili siyasi böhran, açıq-aşkar şəkildə parçalanmış cəmiyyət, iflic olmuş iqtisadiyyat ilə səciyyələndirilirdi. Bu ağır vəziyyətdə Azərbaycan xalqının tələbi ilə Ümummilli Lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı və dövlətimizi xilas etmək üçün hərəkətə keçdi.
1994-cü ildə atəşkəsin elan olunmasına dair “Bişkek protokolu” imzalandıqdan sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycanın beynəlxalq arenada mövqeyini möhkəmləndirmək, habelə dövlət quruculuğu sahəsində ən yaxşı təcrübələri tətbiq etmək məqsədilə Ulu Öndər 1994-cü ildə BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak etmək üçün BMT Baş Qərargahına səfər edərək bu mötəbər tribunadan çıxış etmiş ilk Azərbaycan Prezidenti oldu.
Eyni zamanda xarici investorların cəlb edilməsi, böyük perspektivə malik neft-qaz kontraktlarının bağlanması ilə qeyri-neft sektorunun inkişafı, bütövlükdə iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində də əməli işlər görülmüşdür.
Bu gün xalqımız əsası Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Əldə edilən uğurların icraçısı isə Ulu Öndərimizin layiqli siyasi varisi Möhtərəm Prezidentimiz İlham Əliyevdir.
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər.
Bu gün Vətən Müharibəsində əldə olunan qələbə, Azərbaycanın suverenliyinin bərpası Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yorulmaz, uğurlu fəaliyyətinin, iqtidar-xalq birliyinin məntiqi nəticəsidir.
Ulu Öndərin Azərbaycan qarşısında xidmətləri haqqında günlərlə danışmaq, cildlərlə kitablar yazmaq olar. Bunlar artıq müxtəlif görkəmli şəxslər tərəfindən edilir və bundan sonra da daim ediləcəkdir, çünki o, bir dünya şöhrətli Azərbaycanlı, dövlət xadimi və lider kimi adını dünya tarixinə yazmışdır.
Vəfat etməsinin 17-ci ildönümü ilə bağlı bütün Azərbaycan xalqı, hər birimiz Umummilli Liderimizi dərin hüznlə anırıq.
Məzahir Əfəndiyev
Azərbaycan RespublikasıMilli Məclisinin deputatı