"Yol-nəqliyyat sahəsində əsas problem nə taksi məsələsi, nə avtobus zolağı məsələsi, nə cəriməni artırmaq, nə cərimədən yayınmaq üçün yollar axtarmaq deyil. Əsas məsələ və əsas hədəf real yol hərəkəti təhlükəsizliyi olmalıdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri nəqliyyat üzrə ekspert Ərşad Hüseynov səsləndirib. O deyib ki, bu təhlükəsizlik sahəsində atılmalı olan real addımlar da 2018-ci ildə qəbul edilən, icra müddəti ötən il bitən və kağız üzərində qalan Dövlət proqramında idi:
"Bu proqramda sürücü olmaq işinə yenidən baxılmasından başlamış dünyagörüşünü dəyişən, həqiqi təhlükəsiz davranış mədəniyyəti formalaşdıra bilən maarifləndirməyə qədər hər şey yazılmışdı.
Bir daha vurğulamaq istəyirəm ki, bu iş cərimələri artırmaqla, daha çox cərimə yazmaqla, yeni terminlərdən istifadə edərək gözəl çıxışlar etməklə düzəlməyəcək. Yanaşmalar dəyişməlidir, real iş görülməlidir. Dünyada bu problemdə əsaslı dönüşə nail olmuş ölkələrin təcrübəsində sınaqdan keçmiş həqiqi işlər görülməlidir".
Mehman Mehdiyev