Newscenter.az.1.03.2021. Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Video formatda keçirilən iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ötən il görülmüş işlər, habelə qarşıda duran vəzifələr müzakirə edilib.
Newscenter.az-ın xəbərinə görə, iclasda çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov 2020-ci ilin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və yenilməz sərkərdəliyi ilə xalqımızın Qarabağın azadlığı uğrunda apardığı Vətən müharibəsində qələbəsi - Zəfər ili kimi tariximizə əbədi həkk edildiyini vurğulayıb.
Xocalı soyqırımı və digər hərbi cinayətlər törədən mənfur düşmən üzərində bu möhtəşəm Qələbə Ulu Öndər Heydər Əliyevin yaratdığı müstəqil respublikamızın cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün, o cümlədən hərbi və iqtisadi sahələrdə misilsiz inkişafı sayəsində mümkün olub. Vətən müharibəsi günlərində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımızın ədalətli mübarizəsi naminə vətənpərvər çağırışları xüsusi əhəmiyyət kəsb edib.
İclasda COVİD-19 infeksiyasının qarşısının alınması ilə bağlı ötən il həyata keçirilən tədbirlər, o cümlədən beynəlxalq tövsiyələr də nəzərə alınmaqla məhkəmələrdə işlərə baxılmasının məhdudlaşdırıldığı, zəruri profilaktik və preventiv işlərin görüldüyü bildirilib. Məhkəmə proseslərinin «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə distant aparılması üçün xüsusi proqram modulu hazırlanıb, bir çox işlərə video bağlantı ilə baxılıb. Operativ olaraq qanunvericiliyə dəyişikliklərin edilməsi cinayət işlərinə də bu formatda baxılmasına imkan verib.
İclasda ötən il “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanının icrası üzrə tədbirlərin davam etdirildiyi, mühüm qanunvericilik aktlarının hazırlanması və bir çoxunun qəbul edildiyi bildirilib.
Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə yüksək humanizmin növbəti təzahürü olaraq, cinayət qanunvericiliyinə mühüm dəyişiklər edilib, 35 əməl dekriminallaşdırılıb, 30 maddənin sanksiyasına alternativ cəzalar daxil edilib. Bu sahədə yeni qanunların tətbiqi ilə əlaqədar məhkəmələr tərəfindən 2000-dən çox məhkum cəzadan tamamilə azad edilib, 3300-dən artıq məhkumun cəza müddəti azaldılıb.
Ötən il həmçinin yeni kommersiya və inzibati məhkəmələr fəaliyyətə başlayıb, həmin məhkəmələr təcrübəli hakimlərlə komplektləşdirilib. Kommersiya işlərinə çevik baxılması üçün iddiaların elektron qəbulu və elektron sənəd dövriyəsi təsbit olunub. Əlçatanlığın effektiv müəyyən edilməsi nəticəsində kommersiya işlərinin sayı 50%-dək artıb, iddiaların 94%-i təmin olunub, qərarların sabitliyinin göstəricisi 96% təşkil edib.
İclasda kadr korpusundan daha səmərəli istifadə edilməsi üçün ötən il hakimlərin təyinatı ilə bağlı 60-dan çox qərarın qəbulu, o cümlədən dövlət başçısının Sərəncamları ilə 30-dan çox rəhbər hakim vəzifələrinə təyinatların aparılması, bir sıra hakimlərin iş yerinin intizam qaydasında dəyişdirilməsi və ya aşağı işə keçirilməsi, yüksək hazırlığa və zəruri mənəvi keyfiyyətlərə malik 20-dək yeni nəsl gənc hakimin ali və apellyasiya məhkəmələrinə irəli çəkilməsi diqqətə çatdırılıb.
Şura sədri Fikrət Məmmədov həmçinin, bildirib ki, hakimlərin məsuliyyət hissinin artırılması üzrə görülən tədbirlər çərçivəsində videokonfrans formatında ölkənin bütün məhkəmə sədri və müavinləri, kollegiya sədrlərinin iştirakı ilə müşavirə keçirilərək qanunun aliliyinin və qərarların ədalətliliyinin təmin edilməsi ilə bağlı dövlət başçısının tövsiyələri qəti nəzərə çatdırılıb. Bu məsələlərin hər bir hakimin və məhkəmə işçisinin ciddi şəkildə diqqətinə yetirilməsi məqsədilə bütün məhkəmələrdə yığıncaqlar keçirilib, yol verilən nöqsanlar və onların səbəbləri müzakirə edilib.
Fərmanın icrası çərçivəsində ötən il Şuranın qərarı ilə “Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilib, onun elektron proqram təminatı hazırlanıb. Qaydalara uyğun olaraq 100-dən çox hakimin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə ali, apellyasiya məhkəmələrinin, habelə müvafiq məhkəmə sədrlərinin rəyləri, Ədliyyə Nazirliyinin məlumatları, digər aidiyyəti materiallar toplanılıb, zəruri təhlillər aparılıb və yekun rəylər hazırlanıb.
Korrupsiyaya şərait yaradan halların qarşısının alınması və obyektivliyin təmin olunması məqsədilə Şura tərəfindən məhkəmələrdə monitorinqlər aparılaraq, yol verilən bir çox nöqsanlar aradan qaldırılıb, o cümlədən 2 məhkəmə sədri intizam məsuliyyətinə cəlb olunub. Fəaliyyətdə şəffaflığın təmin edilməsi üçün məhkəmə qərarlarının dərci üzrə xüsusi proqram təminatı hazırlanıb.
Həmçinin, ötən il 8 hakim intizam məsuliyyətinə cəlb edilib, fəaliyyətində aşkar edilən pozuntular 80-dən çox hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb. 16 hakimin səlahiyyətlərinə müxtəlif əsaslarla, o cümlədən səlahiyyət müddəti uzadılmadığına görə xitam verilib.
Fərmanla ayrılmış 200 yeni hakim ştatının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə, Hakimlərin Seçki Komitəsi tərəfindən müsabiqələr xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla davam etdirilib, hakimliyə namizədlərin keyfiyyətli distant təlimi təşkil olunub. 44 nəfər namizəd bütün imtahanları, o cümlədən yarım illik tədrisi və məhkəmələrdə stajkeçməni uğurla başa vurub və dövlət başçısının 03.02.2021-ci il tarixli Sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə təyin ediliblər.
Bununla yanaşı hakimlərin seçilməsi prosesi davam edir. Test və yazılı imtahandan uğurla keçmiş növbəti 64 nəfər hakimliyə namizədlə bu ərəfədə şifahi imtahanlar keçiriləcəkdir. 300-dən çox hüquqşünasla test imtahanı isə mart ayının 3-nə təyin edilib.
İclasda qeyd olunub ki, son illər həyata keçirilən qanunvericilik və institusional tədbirlər məhkəmələrin mülki sahədə iş yükünün xeyli azalmasına təsir edib. Bu isə işlərə daha çevik və keyfiyyətlə baxılmasını şərtləndirir. Belə ki, ötən il birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının demək olar ki, 80%-i ilə tərəflər razılaşıb, başqa sözlə həmin işlərdən apellyasiya şikayəti verilməyib. Ümumiyyətlə, birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 95%-i, hökmlərin isə 91,3%-i dəyişdirilməyərək sabit qalıb.
Məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər ötən ildə də davam etdirilib. Yüksək texnologiyalı müasir Sumqayıt və Masallı məhkəmə komplekslərinin, Bakı şəhəri Suraxanı rayon məhkəməsi binasının tikintisi başa çatdırılıb. Məhkəmələrin üçdə ikisini əhatə edən «Elektron məhkəmə» informasiya sisteminin ölkənin bütün məhkəmələrində tətbiqi məqsədilə Dünya Bankı ilə xüsusi layihə icra olunur.
Eyni zamanda Şurada dövlət başçısının məhkəmə fəaliyyətində ədalət, qanunçuluq, qərəzsizlik, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət edilməsi, şəffaflığın təmin olunması, korrupsiya və digər neqativ hallara qarşı mübarizənin gücləndirilməsi ilə bağlı qəti tapşırıq və tövsiyələrindən irəli gələn məsələlər müzakirə edilib. Qanun pozuntularına ciddi reaksiya verilməsi, korrupsiya və digər neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi vurğulanıb.
Ölkə Prezidentinin məhkəmə-hüquq sistemində islahatlarının dərinləşdirilməsi haqqında Fərmanının icrası ilə bağlı qarşıda duran vəzifələr qeyd edilib, o cümlədən məhkəmə fəaliyyətinə müdaxilənin qarşısının alınması, məhkəmə rüsumlarının diferensiasiyası, məhkəmələrin maddi təminatının yaxşılaşdırılması və s. məsələlərə toxunulub.
Şura üzvü, Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək məhkəmə qərarlarının ədalətliliyi və şəffaflıqla bağlı tələblərin hər bir hakimin gündəlik fəaliyyətində rəhbər tutulmasının vacibliyini bildirib, məhkəmələr tərəfindən yol verilən nöqsanlar və onların aradan qaldırılması, məhkəmə hakimiyyətinin nüfuzunun yüksəldilməsi üzrə tədbirləri qeyd edib.
Çıxış edən digər natiqlər, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri Şuranın fəaliyyətinin şəffaflığından məmnunluqlarını bildirib, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə fikirləri ilə bölüşüblər.
İclasda məhkəmələrin ərazi yurisdiksiyasında dəyişikliklərin edilməsi, o cümlədən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasının müəyyən edilməsi üzrə müvafiq qərarlar qəbul olunub, Hakimlərin Seçki Komitəsi üzvlüyünə verilmiş namizədlər sırasından Komitə üzvləri seçilib.
Qanunvericiliyin tələblərinin pozulmasına görə Şəki Apellyasiya Məhkəməsinin hakimləri Elçin Hüseynov, Ayaz Mahmudov və Vəzirxan Məlikova töhmət verilib, Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Quliyevə irad tutulub. Həmçinin, korrupsiyaya şərait yaradan hüquqpozmaya yol verilməsinə, habelə hakim etikasının pozulmasına görə intizam icraatı başlanılıb.
Mehman