Newscenter.az.7.03.2021. Milli Məclisin deputatı Fatma Yıldırım ötən il oktyabrın 28-də Bərdə şəhərində dinc əhaliyə qarşı törədilmiş erməni terroru nəticəsində yaralanmış Quliyeva Rəmziyyə Əlasdan qızını ziyarət edərək, onun qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar bayramını təbrik edib.
Newscenter.az-ın xəbərinə görə, bu barədə millət vəkili özünün facebook səhifəsində məlumat verib. Deputat qeyd edib ki, Rəmziyyə xanım Bərdə rayon Müalicə-Diaqnostika Mərkəzinin əməkdaşıdır, müharibə dövründə öz vəzifəsini layiqincə yerinə yetirərək əsgərlərimizin yanında olub:
"O, Bərdəyə terror hücumu zamanı iş yerində olub, xəstəxananın önünə düşmüş raket zərbələri nəticəsində çox ağır yaralanıb. Hal-hazırda onun müalicəsi Bakıda, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında davam etdirilir. Rəmziyə xanımın müalicəsi nəzarətimizdədir, onun vəziyyəti ilə daim maraqlanırıq. Klinikanın rəhbərliyinə, həkim kollektivinə, xüsusi ilə doktor Rövşən Xəlilzadəyə zəhmətlərinə görə dərin minnətdarlığımı bildirirəm.
Əziz Rəmziyyə xanımı və onun simasında Bərdə rayonunda yaşayan bütün xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm!"
Mehman