Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Meyvə şirələrinin faydası



Newscenter.az.9.03.2021. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Newscenter.az xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. AQTİ-nin Kompleks Tədqiqatlar Laboratoriyasının mütəxəssislərinin hazırladığı budəfəki maarifləndirici mövzumuz isə meyvə şirələri haqqındadır.

Məlumdur ki, təzə sıxılmış meyvə şirələri konsentrat meyvə şirələrindən çox faydalıdır. Konsentrat meyvə şirələri vitaminsiz şəkərli içkilərdir. Təzə sıxılmış meyvə şirələrinin tərkibi isə vitamin və minerallarla zəngindir. Meyvə şirələri uşaq yaşlarından etibarən həyatımızın hər dövründə ləzzətlə istehlak etdiyimiz və sağlamlıq baxımından insan həyatında əvəzsiz yeri olan içkilərdir.

Meyvə şirələrinin tərkibi vitamin, minerallar, lif və flavonoidlərlə zəngindir. Sağlamlıq üçün olduqca faydalı olan bu şirələr immun sistemini möhkəmləndirir, müalicəvi təsir göstərir. Hər şirənin isə öz faydası vardır. Amma düzgün qəbul edilmədikdə meyvə şirələrinin orqanizmə heç bir faydası dəymir. Buna görə də təzə sıxılmış meyvə şirələrini ən qısa müddətdə istehlak etmək lazımdır. Meyvə şirələri uzun müddət saxlandıqda vacib mineralları və vitaminləri itirir. Xüsusən C vitamini ilə zəngin olan meyvə şirələrində bu vitamin oksidləşərək sirkəyə çevrilir. Bununla yanaşı, uzun müddət saxlanılan meyvə şirələrində qısa müddət sonra bakteriya artmağa başlayacaq.

Təzə çəkilmiş meyvə şirəsini 2 saatdan çox olmamaq şərtilə istehlak etmək daha faydalıdır. Əgər meyvə suyu bu müddətdən artıq saxlanmalıdırsa, onda vitaminlərini qorumaqla saxlanmasını təmin etmək lazımdır. Belə ki, şirələrin plastik qablarda ağzı tam bağlanmamış və ya ağzı açıq şəkildə otaq temperaturunda saxlanması düzgün deyil. Bu şəkildə saxlanılan meyvə şirələrində dad və ya qoxu dəyişikliyi başlayacaq və o, sürətlə köhnələcəkdir. Meyvə şirələri hava ilə təmasda olmayan, quru və günəş işığına məruz qalmayan yerdə, xüsusən də möhkəm bağlanmış şüşə qablarda və soyuducuda saxlanmalıdır. Qoxusu və dadı dəyişmiş meyvə şirələri istehlak edilməməlidir.

Orxan
Xəbəri paylaş