Newscenter.az.15.03.2021. Bakı Ali Neft Məktəbinin (BANM) startap layihəsi British Council tərəfindən təşkil olunan beynəlxalq #DestinationZero innovativ müsabiqəsinin qalibi olub.
Newscenter.az təhsil ocağına istinadən xəbər verir ki, layihə inkişaf etdirilməsi üçün 5000 funt-sterlinq dəyərində maliyyə dəstəyi əldə edib.
Belə ki, Ali Məktəbin “Climasel” layihəsi final mərhələsində uğur qazanan 10 uğurlu innovativ ideyadan biri olub. Müsabiqənin əvvəlki mərhələsində finalda yarışmaq üçün 20 layihə seçilmişdir. Qeyd edək ki, müsabiqədə ümumilikdə, 40 ölkədən 238 layihə iştirak edib.
Qalib layihələr 2021-ci il aprel-avqust ayları aralığında təşkil olunacaq kouçinq görüşlərindən faydalanacaqlar və noyabrda innovativ ideyalarını daha geniş qlobal kütləyə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransında təqdim etmək şansı əldə edəcəklər.
Müsabiqə18-35 yaş aralığında olan, iqlim dəyişikliyi ilə mübarizədə dəyişiklik etmək istəyən insanlar üçün nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, #DestinationZero müsabiqəsində BANM üç startap layihəsi ilə təmsil olunub. Ali Məktəbin İnnovasiya və Tədqiqatlar Mərkəzinin startapı olan “Climasel” layihəsini Kimya mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi Güllü Hüseynli təqdim edib.
“Climasel” layihəsi elektrik enerjisinin qənaətinə kömək edəcək, bununla da, maliyyə xərclərini və ətraf mühitə dəyən ziyanı azalda biləcək innovativ texnoloji həll təqdim edir.
R.Mehdiyeva