Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cahangir Hüseynov: "Təhsildə inqilab etməliyik"



Newscenter.az.15.03.2021. Azəbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davamlı olaraq həyata keçirilir. Dövlət başçısı İlham Əliyev də dəfələrlə çıxışlarında bəyan edib ki, korrupsiyaya qarşı mübarizə ənənəvi xarakter daşıyır və əsas prioritetlərdən biridir. Müntəzəm olaraq korrupsiya və rüşvətə bulaşmış məmurların işdən çıxarılması, onların cinayət məsuliyyətinə cəlb edilməsi də Azərbaycanda bu kimi neqativ hallara qarşı sərt və düzgün tədbirlərin görüldüyünü deməyə əsas verir. Ancaq təəssüflər olsun ki, hələ də yaxın illərdə, aylarda baş verən bu kimi hallardan nəticə çıxarmayan məmurlarımız var və onlar günümüzdə də öz çirkin əməllərini davam etdirərək dövlətin, dövlət başçısının siyasi kursuna zərbə vururlar.

Məmurların əmlakı müsadirə edilsin

Elə sabiq millət vəkili Cahangir Hüseynov da bu qənaətdədir. Cahangur Hüseynov kanal24.az-a müsahibəsində deyib ki, son vaxtlar korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə bir qədər də intensivləşib, bir neçə icra hakimiyyəti başçısı, sabiq nazirlər vəzifədə olduqları müddətdə yol verdikləri həmin neqativ hallara görə məsuliyyətə cəlb ediliblər. Sabiq millət vəkili hesab edir ki, bunun üçün, daha doğrusu iqtisadi cinayətlərlə əlaqədar olaraq Cinayət Məcəlləsinə dəyişikliklər edilməlidir: “Amerikada iqtisadi cinayətlərə görə heç kimi mühakimə etmirlər. Sadəcə onu tuturlar, əmlakı, pulunu alırlar. Elə qonşu Gürcüstanda da eyni situasiyadır. Ancaq bizdə korrupsiya və rüşvətə bulaşmış məmuru həbs edib 10-15 il iş kəsirlər. Ancaq yığdığı, dövlətdən oğurladığı qalır onun özünə. Digər məmur da baş verəndən “nəticə” çıxarır və bütün əmlakını ölkədən çıxarıb xarici dövlətlərə aparır ki, belə bir təhlükə ilə üzləşməsin. Ona görə də hesab edirəm ki, Cinayət Məcəlləsində dəyişiklik olmalı, yüksək iqtisadi sanksiyalar tətbiq edilməli, həmin sanksiyalar əsasında oğurlanmış əmlaklar müsadirə edilib şəhid ailələri, Vətən müharibəsində iştirak etmiş qazilərimizə konpensasiya kimi ödənilməlidir. Deyək ki, hansısa nazirin 2 bağı satılır və ondan əldə edilən vəsait şəhid ailələri, qazilərin problemlərinin həllinə yönəldilir”.

Təhsildə inqilab etməliyik

Cahangir Hüseynov hesab edir ki, günümüzdə təhsil sahəsində də ciddi addımların atılması, tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var: “Mən deputat olduğum illərdə də hökumət parlamentdə hesabat verəndə həmişə təhsil və səhiyyə sahəsini tənqid etmişəm. Bir çox hallarda nazirlər məndən incik düşürdülər. Məni yalnız bir şey düşündürür, Azərbaycanda təhsil inkişaf etsin. Təəssüflər olsun ki, həm təhsil, həm də səhiyyə sahəsində çox geridə qalırıq. Gərək biz təhsilə ciddi fikir verək, əhalimiz maariflənsin”. Sabiq deputat qeyd edib ki, Çin Xalq Respublikası zamanında mədəni inqilabı etdiyi kimi, biz də təhsil sahəsində inqilab etməliyik: “Təhsil işçilərinin əmək haqqı artırılmalıdır. Düzdür, son illərdə davamlı olaraq təhsil işçilərinin maaşları artırılır. Ancaq düşünürəm ki, bu yetərli deyil və müəllimlərin əmək haqqı bir deyil, bəlkə də on dəfə artırılmalıdır”.

Azərbaycanın gələcəyi daha yaxşı olacaq

Sabiq millət vəkili Ağdam şəhərinin ermənilər tərəfindən vandalcasına dağıdılmasından da danışıb. O, bildirib ki, ermənilərin Ağdamda dağıntılar törətdiyindən az-çox məlumatlı olsa da, lakin dağıntıların bu səviyyədə, vandalcasına həyata keçirildiyini təsəvvür edə bilməzdi: ”Təsəvvür edin ki, 2020-ci il, noyabr ayının 10-da atəşkəs barədə bəyannamə imzalanır və üstündən 2 gün keçən kimi başda Rusiya olmaqla bütün Avropa Azərbaycandan tələb etdi ki, xristian kilsələri qorunmalıdır. Ancaq Azərbaycanın mədəniyyət abidələri, sənayesi, tarixini darmadağın edən ermənilərə qarşı heç bir söz deyilmir. Halbuki Azərbaycan onsuz da öz ərazisində yerləşən bütün tarixi-mədəni abidələri, kilsələri, sinaqoqları qoruyur, təmir edir, onlara hər cür qayğı göstərir”.

Cahangir Hüseynov onu da deyib ki, Azərbaycanın gələcəyini yaxşı görür. Sabiq deputatın sözlərinə görə, ölkəmizin karbohidrogen ehtiyatları kifayət qədər olduğundan belə bir qənaətin formalaşması təbiidir: “Digər tərəfdən dövlətimiz, dövlət başçımız kifayət qədər güclüdür. Həm də Azərbaycan xalqının potensialı olduqca böyükdür. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın gələcəyi daha yaxşı olacaq, Azərbaycan bundan sonra daha da inkişaf edəcək”.

Ruhiyyə
Xəbəri paylaş